Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Astara Pedoqoji Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən Kollecin direktoru Ağababa İbrahimov rəhbərlik etdiyi təhsil ocağı ilə Fondun əməkdaşlığı barədə danışaraq Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolunu yüksək dəyərləndirib.
Bilik Fondunun əməkdaşı Abbas Əliyev Fondun Cümhuriyyət tariximizlə bağlı keçirdiyi silsilə tədbirlər barədə məlumat verib.
“Astara” qəzetinin baş redaktoru Fəridə Söhrabqızı çıxışında Cümhuriyyət liderlərinin müstəqillik yolundakı fədakarlıqlardan, bizə miras qoyduğu dövlətçilik ənənələrindən danışıb.
Tədbirdə Astara Pedoqoji Kollecin tələbəsi Səbinə Əlizadə Fondun təşkilatçılığı ilə “Cümhuriyyət-tariximiz və qürurumuzdur” layihəsi çərçivəsində keçirilən “Azərbaycan Xalq Cümhuriyyəti haqqında bildiklərimiz” mövzusunda müsabiqəsinin qalibi olduğuna görə Fondun diplomu ilə təltif olunub.
Sonda “ARB Aranfilm”in lentə aldığı “Gizli istiqlalçılar” sənədli filminin nümayişi olub.
Astarainfo.az