“Qafqaz üçlüyü” filmində Azərbaycan xalqının vəhşi, qəddar, milli kökləri olmayan obrazda, ermənilərin isə sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim olunması Rüstəm İbrahimbəyovun kimliyini açıq-aydın göstərir. Fantaziyalar üzərində qurulmuş belə bir filmin ssenarisini yalnız onun kimi xainlər yaza bilərdi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Astara Pedaqoji Kollecin direktoru, fizika-riyaziyyat elmləri namizədi Ağababa İbrahimov bildirib.
Əkrəm Əylislinin “Daş yuxular” cızmaqarasından sonra Rüstəm İbrahimbəyovun da öz xalqına qarşı xəyanətkar və şərəfsiz davranışının astaralı ziyalılar tərəfindən hiddətlə qarşılandığını deyən Astara Pedaqoji Kollecin direktoru qeyd edib ki, Rüstəm İbrahimbəyovun əgər damarlarında azərbaycanlı qanı axırsa, soydaşlarımıza qarşı soyqırımı törədən erməniləri təbliğ etmək əvəzinə, öz doğma dədə-baba torpaqlarından qovularaq məcburi köçkün həyatı yaşayan azərbaycanlılardan, Xocalı soyqırımından film çəksin.
“Tarixən multikultural ənənələri ilə dünyada tanınan azərbaycanlıları belə təqdim etmək nankorluqdur. Bu gün dünya Azərbaycandakı multikulturalizmi, tolerantlığı nümunə göstərir. Sapı özümüzdən olan baltalar isə bunu danmaq istəyir. Xalqına nifrət edən kəslər o xalqın fəxri adını daşıya bilməz. Rüstəm İbrahimbəyovun bu filmi onun kimliyini bir daha nümayiş etdirir”, – deyə Ağababa İbrahimov qeyd edib.