İt dişləməsi zamanı ilk tibbi yardım

İtlər insanın vəfalı dostu olsa da, sahibsiz qalanda təhlükə mənbəyinə çevrilir, hətta onların hücumuna məruz qalanlar da olur. Zərərçəkənlər arasında uşaqlar olanda vəziyyət daha təhlükəli xarakter alır.
Mütəxəssislər məsləhət görürlər ki, sahibsiz və quduzlaşmış itlərin hücumuna məruz qalanda mütləq ixtisaslaşmış və quduzluq əleyhinə vaksin olan müəssisəyə getmək lazımdır. Həmin müəssisələr isə rayon üzrə təyinatı olan respublika gigiyena və epidemiologiya mərkəzlərdir.
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin həkimi Tahir Abdullayevin it dişləməsi zamanı necə hərəkət etməli olduğumuz barədə AZƏRTAC-ın müxbirinə deyib: “Xüsusi şöbələrdə quduzluq xəstəliyinə qarşı dövlət tərəfindən təmin olunan peyvənd vasitələri var. Dişləmə baş verəndə peyvənd vasitələrinin vurulmasının gecikdirilməsi quduzluq əlamətinin yaranmasına səbəb olur. Həmin əlamətin aşkarlanması isə müalicənin gedişini çətinləşdirir.
Quduzluq xəstəliyinin su və havadan qorxmaq, psixonevrotik udmanın pozulması hissi, yüksək hərarət və it dişlədiyi yerlərdə ağrı kimi əlamətləri olur”.
Həkimin dediyinə görə, dişləyən it 10-12 gün qapalı şəraitdə saxlanılır və həmin müddətdə it məhv olduqda onun hücumuna məruz qalan şəxsin müalicəsi 6 ay davam etdirilir. Sözügedən müddətdən sonra dişləyən it yaşamağa davam edirsə, quduzluğa qarşı aparılan 3 peyvənddən sonra müalicə dayandırılır”.
Onun sözlərinə görə, it dişləməsi zamanı, ilk növbədə, təcili tibbi yardıma zəng etmək lazımdır. Qanaxma çox güclü olmadıqda onu dayandırmağa tələsmək lazım deyil, çünki yaraya düşən mikroblu tüpürcək qanla birlikdə oradan kənarlaşır.
“Yaranın axar su altında paltar sabunu ilə yuyulması zamanı quduzluq virusları sabunun qələvi mühitində məhv olur. Yaranı yuyandan sonra sıxıb bağlamaq olmaz, onun üzərinə təmiz tənzif və ya parça qoymaq lazımdır. Ən vacib məsələ isə quduzluq əleyhinə vaksinin həmin gün və gecikdirilmədən vurulmasıdır”, – deyə həkim əlavə edib.