Mayın 25-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində ov qaydalarının, ov yerlərinin açıqlanmasına həsr edilmiş mətbuat konfransı keçirilib.
 Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə bildirib ki, mayın 26-da ov mövsümünə start veriləcək və mövsüm martın 16-dək davam edəcək. İlk olaraq cütdırnaqlılardan Dağıstan turunun ovuna icazə veriləcək. Onun ovlanması oktyabrın 13-dək mümkün olacaq.
“Azərbaycanda 12 ovçuluq təsərrüfatı var və 215 min hektar ərazini əhatə edir. Yalnız ovçuluq bileti olan şəxslərə heyvanların ovlanmasına icazə verilir. Ovçuluq bileti almaq üçün test imtahanından uğurla keçmək lazımdır. İmtahanda iştirak edənlərin silahla davranmaq qaydası, Azərbaycan qanunvericiliyi, fauna növləri haqqında bilikləri yoxlanılır. Bundan əlavə, xarici ölkə vətəndaşlarının da ovla məşğul olmasını tənzimləmək üçün qaydalar tətbiq olunur”, – deyə H.Əlizadə qeyd edib.
Direktor müavini qoruq ərazilərində ov etməyin qadağan olduğunu və qanunsuz ovçuluqla məşğul olanlara qarşı tədbirlər görüləcəyini də diqqətə çatdırıb.AZƏRTAC