Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə həmyerlimiz Əflatun Nemət oğlu Nemətzadə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülmüşdür.                                                                                          
Qeyd edək ki, Prof.dr. Əflatun Nemətzadə 1944-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. 1962-1967-ci illərdə Bakı İncəsənət Universitetində teatr bölümündə təhsil alıb və əmək fəaliyyətinə Musiqili Komediya Teatrında aktyor olaraq başlayıb.
1970-1975-ci illərdə Leninqrad (indiki Sankt -Peterburq) Rimski-Korsakov Dövlət Konservatoriyasının opera rejisorluğu fakültəsini bitirib. 1976-cı ildə Moskvada Böyük Opera və Balet teatrında dünyada məhşur olan Boris Pokrovskinin yanında rejissor köməkçisi olub. 1980-ci ildə Yəmən Xalq Respublikasında işə göndərilən rejissor, Adendə Dövlət Milli Musiqi Teatrını qurub. 1984-1992-ci illər arasında Bakı Dövlət Opera və Balet teatrında bir çox operalara rejisorluq edib. 1988-ci ildə Gürcüstanın İncəsənət Universitetində incəsənət elmləri doktoru elmi dərəcəsi alıb.
1991-ci ildə Ankara Dövlət Opera və Balet teatrına dəvət olunan Ə.Nemətzadə, daha sonra Mersin Dövlət Opera və Balet Teatrında rejissor kimi işə başlayıb. 
Yazıçı, rejissor və elm adamı olan prof.dr. Əflatun Nemətzadənin 100-dən çox elmi araşdırması, məqalələri və şerləri Azərbaycan, Rusiya, Yəmən, Misir, Türkiyə və Polşada yayınlanmışdır. “Koroğlu” və “Alpamış” operası kimi Türk Dünyasına aid bir çox önəmli projeni həyata keçirərək, böyük uğurlar qazanmışdır. Onun səhnələşdirdiyi operalar bütün Türk dünyasında, eləcə də Avropada böyük maraqla qarşılanıb. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Üstün zəka” kitabı Türkiyədə nəşr olunub. Uzun illərdir Türkiyədə Qazi Unversitetinin müəllimi olmaqla yanaşı, “İl” qəzetinin köşə yazarı, Yeni Azərbaycan Yardımlaşma və Kültür Dərnəyinin başqanı, eyni zamanda Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Türkiyə təmsilçisidir. Prof.dr. Əflatun Nemətzadə bütün bu geniş fəaliyyəti ilə yanaşı, həm də Türk dünyası diasporaları arasında əlaqələrin qurulmasında,bu əlaqələrin inkişaf etdirilməsində xüsusi rol oynayıb.
İstedadlı rejissor, Əflatun Nemətzadənin səhnə əsərləri Rusiya, Türkiyə, Yəmən, Polşa, Özbəkistan, Gürcüstanda ürəkləri fəth etmişdir. Hazırda Türkiyədə yaşayıb işləyən Əflatun Nemətzadə yeni-yeni yaradıcılıq axtarışlarını uğurla davam etdirir.    
Xalqımızın fəxri Əflatun Nemətzadəni yüksək fəxri ada layiq görülməsi münasibətilə təbrik edirik.

Azər Abdullayev

Astarainfo.az