Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçirilib.  Konsertdə Azərbaycan Prezidenti İlham Əliyev, birinci vitse-prezident Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri iştirak edib.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.
Hər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalındakı çıxışlar dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha təzahür etdirirdi.
Konsertdə qeyd olunub ki, 100 il bundan əvvəl, 1918-ci ilin bu günü Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət olmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, bu gün də tarixi, nailiyyətləri, qüdrəti ilə gücünü dünyaya nümayiş etdirə bilib. Konsert proqramındakı musiqi nömrələri, rəqslər Azərbaycanın tarixinə bir daha nəzər salmağa imkan yaradıb.
Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında “Qarabağ” şikəstəsi, “Natiq” ritm qrupunun “Sarı gəlin” kompozisiyası, görkəmli bəstəkarlar Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertura”, Qara Qarayevin “Yeddi gözəl”, Fikrət Əmirovun “1001 gecə”, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletlərindən rəqslər, xalq artisti Azərinin “Ey Vətən”, xalq artisti Zülfiyyə Xanbabayevanın “Şuşanın dağları”, xalq artisti Samir Cəfərovun ifasında “Neftçilər” mahnısı, xalq artistləri Azər Zeynalov, Emin, Zülfiyyə Xanbabayeva, Brilyant Dadaşova, Aygün Kazımova, Elçin Əzizov, əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin və digərlərinin çıxışları bayram təntənəsi yaşadıb.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeirini səsləndirdiyi videoçarx nümayiş olunub.
Eyni zamanda Bakı Media Mərkəzi tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar nümayiş olunub. Azərbaycan Xalq Cümhuriyyətinin növbəti ildönümlərinin əzəli Azərbaycan torpağı olan Qarabağımızda bayram ediləcəyinə əminlik ifadə olunub.
Sonda konsert proqramında çıxış edən incəsənət ustaları birlikdə səhnəyə çıxaraq Azərbaycanın Dövlət himnini oxuyublar. İki saata yaxın davam edən konsert proqramına ümumilikdə 670 nəfərdən çox şəxs – tanınmış incəsənət xadimləri və yaradıcı heyət cəlb edilib. Konsertin bədii rəhbəri əməkdar mədəniyyət işçisi Lalə Quliyeva olub. Bakı Kristal Zalındakı konsert proqramı canlı olaraq Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda da yayımlanıb.
Konsert proqramının sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.
***
21:06
Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilir.
 Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri tədbirdə iştirak edirlər.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında olması üzərində qurulub.
Konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edirlər.APA