“Qırğızıstanla oyunda səviyyə fərqi, az da olsa, hiss olunurdu. Hesab daha böyük ola bilərdi. Amma bu nəticə də bizim üçün yaxşıdır. Qurban Qurbanovun rəhbərliyi altında ilk qələbəmizi qazandıq”.
Bunu “Report”a Azərbaycan millisinin futbolçusu Amil Yunanov Bakıdakı yoldaşlıq görüşündə Qırğızıstan yığması üzərində 3:0 hesablı qalibiyyəti şərh edərkən deyib. 25 yaşlı hücumçu matç zamanı yararlana bilmədiyi real qol epizoduna toxunub: “Mövsüm yeni başa çatdığından, istər-istəməz bir az yorğunluq var. Buna rəğmən pis oynamadıq. Millidə ilk qolumu vurmağı çox istəyirdim. Bunun üçün yaxşı fürsət yaxalamışdım. Təəssüf ki, zərbə istədiyim kimi alınmadı və rəqib qapıçı qola mane oldu. Fərqlənə bilmədiyim üçün çox üzüldüm. Özümə gəlməyimdən ötrü bir neçə dəqiqə lazım oldu. Ümid edirəm ki, qarşıdakı görüşlərdə həm oynamaq, həm də qol vurmaq imkanı yaranacaq”.
Milli komanda iyunun 5-də Astanada Qazaxıstan, 4 gün sonra isə Riqada Latviya ilə qarşılaşacaq. Yunanov hesab edir ki, Qırğızıstanla müqayisədə, bu görüşlər daha çətin olacaq: “Qazaxıstan və Laviya Avropanı təmsil edir. Onlar da bizim kimi Millətlər Liqasına hazırlaşırlar. Bu turinir Avropa çempionatına düşmək üçün yaxşı fürsətdir. Düşünürəm ki, Azərbaycan yığması bu çətin tapşırığın öhdəsindən gələrək, uğur qazanacaq gücdədir. Özüm yeni olsam da, komandada yetərincə təcrübəli futbolçumuz var. Yığmadakı rəqabət və dostluq ab-havası işimizə müsbət təsir edəcək”.
Başa çatan mövsümdə Azərbaycan Premyer Liqasında 10 dəfə fərqlənməklə, ən məhsuldar yerli oyunçu olan və bombardirlik yarışında “Qəbələ”nin forvardı Baqali Dabodan 3 top geri qalan Yunanov hazırda klubsuzdur. “Sumqayıt”la müqaviləsini yeniləməyən hücumçu karyerasını harada davam etdirəcəyi ilə bağlı qərarını Azərbaycan millisinin təlim-məşq toplanışından sonra verəcəyini söyləyib: “Bir neçə təklifim var. Doğru seçim etmək üçün yaxşı düşünməliyəm. Daha da inkişaf edə biləcəyim yerdə olmaq istəyirəm. Bu mövsüm çempionatda 10 qol vurdum. Amma bu rəqəm daha böyük ola bilərdi”.