Qarabağ müharibəsi zamanı torpaqlarımızın müdafiəsinə qalxan qəhrəman oğullarımızdan biri astaralı Sarvan Qurban oğlu Qurbanov olub. Qarabağ torpaqları uğrunda tankçı kimi döyüşərək qəhrəmanlılq göstərən Sarvan Qurbanov işğalçı Ermənistan ordusunun xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edib. Bu fikriləri şəhidin döyüş yoldaşları anım mərasimində səsləndiriblər.
Astara rayon Motlayataq tam orta məktəbində təşkil olunan anım mərasimində şəhidin müəllimləri, ailə üzvləri,döyüş yoldaşları çıxış edərək bildirdilər ki, Sarvan Qurbanov vətənimizin ağır günündə düşmən işğalına dözməyərək könüllü olaraq 1993-cü ilin oktyabrında ordu sıralarına yollandı.O Qaradağ rayonunun Güzdəy qəsəbəsində ilk hərbi təlimini keçdikdən sonra tankçı peşəsinə yiyələnərək ön cəbhədə gedən şiddətli döyüşlərə qatılır.Qəhrəman tankçı kimi düşmənin bir neçə strateji məntəqəsini məhv edir. Hər həmlələrdən qələbə ilə qayıdan Sarvan Qurbanovun sevinci yerə-göyə sığmırdı. Onun son döyüşü isə Fizuli istiqamətində olub.
Anım mərasimində məktəblilər vətənə,şəhidlərə həsr olunan şeirlər ifa edib hərbi geyimdə marşın sədaları altında addımlayaraq igid oğullarımızın xatirəsini ehtiramla yad ediblər.
Anım mərasiminin sonunda şəhidin yaxınları kənd qəbiristanlığına gələrək şəhid Sarvan Qurbanovun məzarını ziyarət edib önünə gül dəstələri qoyublar. Ziyarət zamanı bütün şəhidlərimizin ruhuna dualar oxundu.
Qeyd edək ki, şəhid Sarvan Qurbanov 1975-ci il avqustun 30-da Astara rayonunun Asxanakəran kəndində doğulub.O 1994-cü il yanvarın 27-də Fizuli rayonunun Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə silahdaşlarının həyatını xilas edib. Özü isə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb. Beş ay nəşi düşmən tərəfdə qalan Sarvan 1994-cü il may ayının 27-də doğulduğu Asxanakəran kəndində dəfn edilib.


Nicat Raufoğlu

Astarainfo.az