Astara rayonunda vaxtilə yüksək gəlir gətirən, ənənəvi təsərrüfat sahələrindən olan baramaçılıq uzun müddət tənəzzül dövrünü yaşayıb. 28 ildən sonra astaralı kümçülər yenidən ipəkqurdu bəsləməyə başlayıblar.
Rayon Statistika İdarəsindən bildiriblər ki, ötən əsrin 70-ci illərində Astarada 20 tona yaxın barama istehsal olunub. Sonuncu dəfə 1990-cı ildə rayonda 8,5 ton məhsul əldə edilib.
Ölkəmizdə qədim ənənələri olan baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi, ixrac potensialının artırılması, kənd yerlərində məşğulluğun təmin edilməsi və nəzərdə tutulan digər işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədilə 2017-ci il noyabrın 27-də baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramının qəbul edilməsi aqrar bölmənin bu sahəsinin inkişafı üçün geniş imkanlar açır.
İyirmi səkkiz illik fasilədən sonra Astara rayonunda yenidən barama istehsalına başlanılıb. Rayona gətirilən 52 qutu ipəkqurdu toxumu 10 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb.
Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə rayonun ayrı-ayrı yaşayış məntəqələrində son 3 ildə 21 min tut tingi əkilib.
Bu il Astarada 2 ton barama istehsalı nəzərdə tutulub.AZƏRTAC