Liderlər xalqların milli fəlakətlər, mənəvi və ruhi sarsıntılarla üzləşdiyi dövrlərdə tarix səhnəsinə çıxırlar. Azərbaycan dövlətinə rəhbərlik etdiyi otuz ildən artıq bir müddətdə Heydər Əliyev ümummilli lider missiyasını iki dəfə yerinə yetirmişdir. Gələcəyi görmək bacarığı, zamanın çağırışlarına yaradıcı münasibət bildirmək və düzgün qərarlar qəbul etmək  qabiliyyəti qeyri-adi şəxsi keyfiyyətlərə malik olan bu xarizmatik insanın fəaliyyətinin ana xəttini təşkil etmişdir.
Heydər Əliyev  tariximizdə  özünəməxsus  yer  tutan  nadir  tarixi  simalardandır ki, xalqımızın XX əsrin sonunda  əldə  etdiyi  nailiyyətlər  məhz bu görkəmli  dövlət  xadiminin şərəfli adı ilə bağlıdır.  Vətəni,  xalqı qarşısında  göstərdiyi  misilsiz  xidmətlərə görə dünyanın ən qüdrətli siyasətçiləri ilə bir sırada dayanan Heydər Əliyevin zəngin irsi bütöv bir idarəçilik məktəbini, xalqımızın dövlətçilik və azərbaycançılıq şüurunu, çağdaş ictimai-siyasi fikrin ən üstün keyfiyyətlərini özündə ehtiva  edir.
Ulu öndərin xidmətləri sayəsində xalqımız siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, bu müstəqil dövləti qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan Heydər Əliyevin xalq və Vətən naminə fədakarlığının parlaq nümunəsidir.
1969–1982-ci illərdə ulu öndərin strateji təfəkkürü və uzaqgörənliyi sayəsində Azərbaycan əsrə bərabər inkişaf yolu qət edərək keçmiş Sovet İttifaqının qabaqcıl respublikaları sırasına çıxdı. Bu illər tariximizə siyasi, iqtisadi, sosial, mədəni yüksəliş dövrü kimi daxil olaraq, xalqımızın milli mənlik şüurunun oyanışına, dövlətçilik təfəkkürünün formalaşmasına güclü təkan verdi. Məhz həmin dövrdə  imperiya tərkibində olmağımıza baxmayaraq Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.
Dövlətçiliyimizin müqəddəratının həll edildiyi, azadlığımızın və müstəqilliyimizin təhlükəyə məruz qaldığı 1993-cü ilin iyun günlərində xalqın təkidi ilə Heydər Əliyevin siyasi və dövlət rəhbərliyinə qayıdışı ölkəmizi məhv olmaq fəlakətindən qoruyub saxladı.
Ulu öndər torpaqlarımızı müdafiə etməyi bacaran milli ordunun formalaşdırılmasını ən böyük vəzifələrdən biri kimi irəli sürdü və bu istiqamətdə qəti tədbirlərin həyata keçirilməsi, döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu. Nəticədə, Azərbaycan ordusu tezliklə özünü toplayıb düşmənə ağır zərbələr endirdi.
Silahlı qüvvələrimizdən aldığı zərbələr Ermənistan Respublikasına Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığını sübut etdi. 1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olunduqdan sonra Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı.
Ulu öndər cəmiyyətdə demokratik dəyərlərin bərqərar olması üçün siyasi, iqtisadi, sosial, hüquqi islahatların həyata keçirilmə­si­ni çox önəmli hesab edirdi. Bu məqsədlə o, ölkənin yeni Kons­ti­tu­siya layihəsinin hazırlanmasını ən vacib vəzifələrdən biri kimi qarşıya qoydu.
Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya  fəaliyyətə başladı. Komissiyanın 1995-ci il 5 iyun tarixli ilk iclasında Heydər Əliyev komissiyanın qarşısında duran vəzifələr haqqında belə demişdi: “Komissiyanın qarşısında çox böyük iş durur. Biz gərək həm tarixi keçmişimizi, həm son illərin təcrübəsini təhlil edək və müstəqil Azərbaycan dövləti üçün uzunmüddətli bir Konstitusiya layihəsi hazırlayaq. Güman edirəm ki, biz bu işin öhdəsindən gələcəyik və qarşımıza qoyulan bu vəzifəni layiqincə həyata keçirəcəyik…
Komissiyamızın üzərinə düşən məsuliyyət böyükdür. Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir konstitusiya qəbul etməliyik ki, o, müstəqil  Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun”.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin siyasi tarixində tamamilə yeni səhifə açaraq hüquqi, demokratik, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun,  bazar iqtisadiyyatının bərqərar edilməsinin möhkəm təməlini yaratdı. Bəşər tarixində mövcud olan ən demokratik, mütərəqqi müddəaları özündə əks etdirən Konstitusiyamız cəmiyyətin yeni inkişaf modelinin müəyyənləşdirilməsi  üçün hüquqi əsas yaratdı.
İlk milli Konstitusiyamız bu həqiqəti bir daha nümayiş etdirdi ki, Heydər Əliyev  nəinki dünya miqyaslı siyasi və dövlət xadimi, həm  də zamanın  nəbzini dəqiq tutmağı bacaran böyük islahatçıdır. Ulu öndər birləşdirilməsi nadir hallarda mümkün olan üç amili – milli ənənələr, modernləşmə və adekvat demokratiya amillərinin vəhdətinin Azərbaycan üçün uğurlu modelini qura bildi və bu dəyərlər sistemi sonrakı islahatlar strategiyası üçün misilsiz əhəmiyyətə malik oldu.
Ölkənin Əsas Qanununun tələblərindən irəli gələn hərtərəfli islahatların aparılması məqsədi ilə Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə Hüquq İslahatları Komissiyası yaradıldı. Onun rəhbərlik etdiyi bu komissiya dövlətimizin hüquq bazasının yaradılmasında, möhkəmləndirilməsində və inkişaf etdirilməsində, ölkəmizin hüquq sisteminin Avropanın kontinental hüquq sistemi ilə inteqrasiyasının reallaşmasında vacib rol oynadı.
Azərbaycanda yeni hüquqi sistemin yaradılması istiqamətində Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis bir çox mühüm qanunvericilik aktları qəbul etdi. Burada ilk növbədə yeni məcəllələrin – Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prosessual, İnzibati Xətalar, Cəzaların İcrası, Seçki, Əmək, Ailə, Vergi, Gömrük və digər məcəllələrin qəbulu xüsusi qeyd edilməlidir. Ümumiyyətlə, ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönəldilən 1500-ə qədər qanun, qərar və digər aktlar ümummilli  liderimizin imzası ilə parlamentə təqdim edildi və geniş müzakirələrdən sonra qəbul edildi. Bütün bu aktlar Azərbaycanın demokratik yolla ardıcıl inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatları yaratdı.
Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar hüquq mühafizə orqanları sistemini yenidən formalaşdırmağa imkan verdi. Bu istiqamətdə aparılmış islahatlar nəticəsində insan hüquqlarına və azadlıqlarına təminatın başlıca mexanizmi olan məhkəmələrə müstəqillik verildi, həmin sahədə qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması üçün lazımi tədbirlər həyata keçirildi. 1998-ci ildə ümummilli liderimizin təşəbbüsü ilə Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi və bu barədə Milli Məclisdə müvafiq qanun qəbul olundu.
Ölkədə aparılan islahatlar sayəsində Azərbaycan insan və vətəndaş hüquqları və azadlıqları ilə bağlı bir sıra konvensiyalara qoşuldu. Ölkəmiz mötəbər beynəlxalq təşkilatların tam hüquqlu üzvü oldu,  beynəlxalq münasibətlər sistemində layiq olduğu yerini tutdu.
Azərbaycan xalqının əsrlər boyu inkişaf etdirib zənginləşdirdiyi multikulturalizm ənənələri Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasəti səviyyəsinə qaldırıldı. Heydər Əliyev bir məqamı həmişə vurğulayırdı ki, Azərbaycanın çoxmillətli, tolerant ölkə olması bizim böyük üstünlüyümüzdür və biz bunu qoruyub saxlamalı, dünyaya ən yüksək səviyyədə təbliğ etməliyik. Ulu öndər çıxışlarından birində demişdi: Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Azərbaycanın ən başlıca sərvətlərindən biri qədimlərdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. Biz bunu qiymətləndiririk və saxlayacağıq”.
Heydər Əliyev ölkədə yaşayan bütün xalqların və etnik qrupların nümayəndələrinin ümumdövlət mənafeləri naminə sıx birləşməsinə zəmin yaradan azərbaycançılıq amalını milli dövlətçilik ideologiyasının aparıcı istiqamətinə çevirdi. Ümummilli liderimiz qeyd edirdi ki, Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik”.Məhz azərbaycançılıq amalı dövlətçiliyimizin dayaqlarını sarsıtmağa yönələn separatçılıq meyillərinin qarşısını almağa, çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini yeni tarixi şəraitdə davam etdirməyə imkan verdi.
Hər tarixi inkişaf dövrü özünün görkəmli şəxsiyyətlərini yaradır. Amma elə insanlar da var ki, onlar zamanın fövqünə yüksələrək, özləri dövrü yaradırlar. Heydər Əliyev öz dövrünü yaratmışdır və bu dövr hələ davam edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Azərbaycanda güclü sosial siyasətin  əsasları da məhz o illərdə qoyulubdur. Ona görə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar  tarixi əhəmiyyət kəsb edir”.
Ümummilli liderimizin Azərbaycan qarşısında xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin hazırlamasıdır. Bu gün dövlətimizə Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezident  İlham Əliyevin rəhbərlik etməsi hər bir cəmiyyətin və dövlətin davamlı inkişafı üçün həyati əhəmiyyət daşıyan məsuliyyətli və səriştəli idarəçilik amilini təmin edir. Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin təməlində dayanan dəyərlər sistemini ümumi şəkildə səciyyələndirməli olsaq, vurğulanmalı başlıca cəhət Heydər Əliyev ideyalarına sədaqət, ulu öndərin uzaqgörən daxili və xarici siyasətinin yeni çağırışlar şəraitində kreativ şəkildə məharətlə davam etdirilməsi hesab edilməlidir.
Bu gün Heydər Əliyev mənəvi-siyasi irsinin  ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan çağdaş tarixinin yeni şanlı səhifələri yazılır. Cənab İlham Əliyev bütün sahələrdə Heydər Əliyev ideyalarının layiqli davamçısı olduğunu hələ prezident seçilməmişdən əvvəl  də Ulu öndərimizin  müəllifi olduğu yeni neft strategiyasının həyata keçirilməsinə, Milli Məclisin deputatı və Azərbaycan parlamentinin AŞPA-dakı  nümayəndə heyətinin rəhbəri  kimi beynəlxalq təşkilatlarla əlaqələrimizin inkişafına, Azərbaycan idmanının yüksəlişinə  verdiyi  töhfələrlə sübuta yetirmişdir.
Azərbaycanın yeni neft strategiyasının həyata keçirilməsi ilə əlaqədar olaraq, 1994-cü ilə “Əsrin müqaviləsi” adlandırılan ilk neft kontraktının imzalanmasının ardınca Azərbaycan dünyanın tanınmış neft şirkətləri ilə onlarca saziş bağlamışdır. Bu, Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində xarici investisiya cəlb etməyə imkan vermişdir. Neftdən götürülən gəlirdən xalqın mənafeyi üçün daha səmərəli istifadə edilməsi məqsədi ilə Neft Fondu yaradılmışdır. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri çəkilmişdir.
Regionların inkişafı sahəsində mərhələ-mərhələ həyata keçirilmiş və həyata keçirilməkdə olan dövlət proqramlarında nəzərdə tutulan vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda sahibkarlıq mühitinin daha da yaxşılaşmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına, nəticədə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan vermişdir.
Aprelin 11-də keçirilən Prezident seçkiləri respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da seçicilərin fəallığı, yüksək mütəşəkkilliyi ilə keçirilmişdir. Seçicilər ölkəmizin işıqlı gələcəyinə, inkişafa, tərəqqiyə səs verməklə yeganə düzgün seçim etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi ilə müstəqil Azərbaycan daha böyük uğurlar qazanacaqdır.                                                                   
Möhkəm siyasi dayaqlar üzərində qurulan ölkəmizin iqtisadi gücü artdıqca insanlarımızın güzəranı, rifah halı da yaxşılaşır, rahat, firavan həyata qovuşurlar. Bütün bunlar ölkə rəhbəri tərəfindən ardıcıl olaraq qəbul edilən proqramlar, o cümlədən, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Ölkəmizin bu günü, hərtərəfli inkişafı bizi hədsiz sevindirir. Ən müasir məktəb binaları, xəstəxanalar, diaqnostika mərkəzləri, idman kompleksləri, ictimai binalar tikilərək əhalinin istifadəsinə verilir. Parklar, xiyabanlar salınır, ən ucqar yaşayış məntəqələrinə yüksək keyfiyyətli asfalt yollar çəkilir. Son illər rayonun əksər kənd yollarının asfaltlaşdırılması, məktəb binaları, xəstəxanaların tikintisi, şəhərə içməli su xəttinin çəkilməsi, qaz və elektrik təsərrüfatının yeniləşdirilməsi istiqamətində aparılan ümumi işlər dediklərimizə sübutdur.
Astara şəhərinin dənizkənarı hissəsində geniş ərazidə salınan park-bulvarda insanların asudə vaxtını səmərəli keçirməsi, istirahəti üçün hər cür şərait yaradılmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə ayrılmış vəsait hesabına hazırda park-bulvar kompleksinin ərazisinin genişləndirilməsi işi sürətlə davam edir.
Ucqar dağ kəndləri olan Deqədi-Pəlikəş, Taxtanakəran-Miki və Taxtanakəran-Toradi istiqamətində yerləşən kəndlərə mövcud olduqları tarixi ərzində ilk dəfə olaraq asfalt yollar çəkilərək əhalinin istifadəsinə verilmişdir. Hazırda Ojakəran-Tüləküvan-Təngərüd yolunun tikintisinə başlanmışdır ki, bu da həmin kəndlərin tarixində bir ilkdir. Sosial infrastrukturlar müasir dövrə uyğun qurulduqca böyük turizm potensialı olan rayonumuza xarici qonaqların və turistlərin gəlişi də çoxalır. Bunu ötən illərin müqayisəsində aydın görmək mümkündür.
Bu gün Azərbaycan dövlətinin müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası xalqımızın gələcəyindən əmin olmağa imkan verir. Ulu öndər Heydər Əliyevin səyləri ilə yaradılmış inkişaf dinamikası qorunub saxlanılır, dövlətimizin siyasi, iqtisadi və hərbi qüdrəti artır, xalqımızın rifah halı yüksəlir.
Azərbaycan dünyanın dinamik inkişaf edən dövlətləri sırasında layiqli yer tutmuş, Cənubi Qafqazda lider mövqelərini möhkəmləndirmişdir. Ölkəmiz beynəlxalq aləmdə böyük nüfuz və etibar qazanmışdır. Möhtərəm İlham Əliyevin söylədiyi kimi, “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir”.
Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində İlham Əliyev xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır. Azərbaycanın xoşbəxt gələcəyi bu gün möhtərəm Prezidentimizin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl surətdə irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edəcəkdir.

Qabil Qasımov

Astara rayon prokuroru

Astarainfo.az