Arıçılıq qədim dövrlərdən Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən olub. Rayonun dağlıq ərazisində yerləşən Miki kəndində istehsal olunan bal keyfiyyətinə görə bütün dünyada məşhurdur. Yerli sakinlərin sözlərinə görə, çar Rusiyası dövründə I Pyotra həmişə Miki balından göndərilib.
SSRİ-nin dağılmasından sonra rayonda kənd təsərrüfatının bir çox sahələri tənəzzül dövrünü yaşasa da, arıçılıq həmişə mikililərin qazanc mənbəyi olub.
Arıçılıq gəlirli sahə kimi bu gün də yerli sakinlərin əsas məşğuliyyətidir. Mikililərin 95 faizi arıçılıqla məşğul olur, kənddə 4 minə yaxın arı ailəsi var.
Miki kənd sakini Arif Nəzirov da arıçı ailəsində doğulub. Atası Raif kişi uzun müddət rayondakı arıçılıq sovxozunda işləyib. A.Nəzirov uşaq yaşlarından atasına kömək edib. Arıçılıq peşəsinə marağının nəticəsi olaraq o, arıçılıq ixtisasına yiyələnib, 15 il atası ilə birlikdə işləyib.
Ötən əsrin 90-cı illərində rayondakı arıçılıq sovxozunun fəaliyyəti dayandırıldıqdan sonra rayonda arıçılıq fərdi təsərrüfatlarda inkişaf etdirilib. On beş arı ailəsi ilə fərdi təsərrüfatında fəaliyyətə başlayan A.Nəzirov hazırda arı ailələrinin sayını 120-yə çatdırıb. İl ərzində onun fərdi təsərrüfatında 2-2,5 ton bal istehsal olunur. İşgüzarlığı və təşkilatçılığına görə A.Nəzirov 2009-cu ildə Astara Rayon Arıçılıq Birliyinin sədri seçilib.
Kənd Təsərrüfatı Nazirliyinin hər il Bakı şəhərində təşkil etdiyi bal məhsullarının sərgi-satış yarmarkasında astaralı arıçılar da fəal iştirak edirlər. Hər il rayonda istehsal olunan 300 tona yaxın balın 50 tonu məhz sərgi-satış yarmarkasında satılır.
Arif Nəzirov ailə biznesini inkişaf etdirmək, böyük bazarlara, ticarət şəbəkələrinə çıxış əldə etmək üçün “Ailə Biznesinə ASAN Dəstək” layihəsinə – “ABAD”a qoşulmaq qərarına gəlib. Onun müraciəti qurum tərəfindən müsbət qarşılanıb.
Astaralı arıçı “ABAD”ın fəaliyyətində şəffaflığın olduğunu, istehsal etdiyi balın laborator müayinəsindən sonra satışa çıxarıldığını bildirib: “2016-cı ildən “ABAD”la əməkdaşlıq edirəm. İstehsal etdiyimiz balın bir qismini “Şanlı bal” adı ilə “ABAD” vasitəsilə satışa çıxarırıq. Hər ay “ABAD” vasitəsilə 30-40 kiloqram bal satıram. Ailə büdcəmizdə hər ay orta hesabla 500 manat “ABAD” vasitəsilə daxil olur”.
A.Nəzirov ölkəmizin cənub bölgəsində, o cümlədən Astara rayonunda arıçılığın inkişafı istiqamətində bır sıra problemlərin də olduğunu diqqətə çatdırıb: “İstehsal etdiyimiz bal məhsullarının laboratoriya müayinəsi, bu məhsulların müasir standartlar səviyyəsində qablaşdırılması üçün lazımı şərait olmadığından məhsullarımızı xarici bazarlara çıxarmaqda çətinliklərlə üzləşirik. Əgər bu problemlər həllini taparsa Miki balının əvvəlki şöhrətini qaytarmaqla onu Azərbaycan brendi kimi dünya bazarlarına çıxara bilərik”.AZƏRTAC