İyunun 22-də Astara Gənclər evində Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi, Astara Pedaqoji Kollecinin birgə təşkilatçılığı ilə 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş “Mən sağlam həyat tərzini seçirəm” mövzusunda maarifləndirici seminar keçirilib.
Tədbirdə Pedaqoji Kollecin tələbə və müəllim heyyəti, İnzibati Ərazi Dairəsi üzrə gənclər və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açıq elan edən Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev bildirib ki, Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxıb, bir sözlə, həmin problemə münasibətdə yeni mərhələ başlanılıb. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılıb.Bununla bağlı mütəmadi olaraq qəbul olunan Qanunlar və Dövlət Proqramlarına əsasən əsaslı işlər görülməkdədir.
Daha sonra mövzu ilə bağlı geniş məruzə edən Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elnur Qurbanlı 26 iyun Beynəlxalq Narkotiklərlə Mübarizə Gününün tarixi, bu sahədə dövlət orqanları ilə yanaşı, QHT-lər , ictimai təşkilatların da fəallığı, Astara rayon Gənclər və İdman İdarəsinin bu sahədə həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.
Çıxış edənlər Rayon İcra Hakimiyyətinin məsul işçisi Fikrət Talıbov, Rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənullayev, gənclər, valideynlər narkomaniyanın yaratdığı problemləri sadalamış, gəncləri bu bəladan yaxa qurtarmaq üçün narkomaniyaya düçar olmuş insanları doğru yola çəkməyə, onlara kömək etməyə çağırıblar.
Tədbirdə iştrakçılara Gənclər və İdman İdarəsinin hazırladığı maarifləndirici bukletlər paylanılıb.
 Sonda Astara rayon Gənclər və İdman İdarəsinin nəzdində yaradılmış “Altay” Gənclərin İntellektual-İnnovasiya Klubunun “Kompyuter texnologiyası və internetin əsasları” kursunu müvəffəqiyyətlə bitirən bir qrup gənc idarənin və klubun birgə təsis etdiyi şəhadətnamə ilə təltif olunublar.

Elnur Qurbanlı 

Astarainfo.az