Astara rayon Mədəniyyət Mərkəzində Şirvan aşıq məktəbinin nümayəndəsi, böyük ustad Aşıq Pənahın sənət çeşməsindən su içmiş, Respublika Aşıqlar Birliyinin üzvü aşıq Elxan Şindanlının anadan olmasının “60” illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq qonaqları salamlamış, yubilyar haqqında geniş məlumat vermişdir.
AAB-nin sədri, AMEA Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Filologiya elmləri doktoru, Professor Məhərrəm Qasımlı çıxış edərək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Respublika Aşıqlar Birliyinin təşəkkür məktubunu, Fəxri Fərman və mükafatını yubilyara təqdim edərək saz, söz sənətinə verilən dəyərə görə rayon rəhbərliyinə və tədbirin təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Rayon İcra hakimiyyətinin məsul işçisi Mirzə Bayramov rayon İcra hakimyyətinin başçısı cənab Qəzənfər Ağayevin təbrikini və Fəxri Fərmanını yubilyara təqdim etmişdir.
Tədbirdə yubilyarın sənət yoldaşları Fəxri Mədəniyyət İşçisi, Dədə Qorqud mükafatı laureatı, Aşıq Məhəmməd Şirvanlı, Respublika Aşıqlar Birliyinin katibi Aşıq Altay Məmmədli, Respublika Aşıqlar Birliyinin üzvü aşıq Vaqif Rzayev, şairlər Fəxri Mədəniyyət İşçisi, Filologiya üzrə fəlsəfə doktoru Mehman Qaraxanoğlu, Aqil Yaqub, Nəriman Azəri, Lənkəran Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Urşan Əliyev, rayon Mədəniyyət Mərkəzinin direktoru Hacıbala Ramazanov, yubilyarın dostları, ailə üzvləri çıxış edərək Elxan Əliyevə yaradıcılıq uğurları arzulamışlar.
Tədbirdə rayon Mədəniyyət Mərkəzinin Sevinc mahnı və rəqs ansamblının üzvləri maraqlı musiqi nömrələri ilə çıxış etmişlər.
Sonda Aşıq Elxan (Şindanlı) Əliyev çıxış edərək tədbirin təntənə ilə keçirildiyi üçün rayon rəhbərliyinə, tədbirin təşkilatçılarına, sənət dostlarına, mədəniyyətsevərlərə öz minnətdarlığını bildirmişdir.
Nicat Raufoğlu
Astarainfo.az