29 iyun 2018-ci il tarixində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin rayonun ucqar dağ kəndlərindən biri olan Sım kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur.
Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan Sım kəndində 176 təsərrüfatda 800 nəfərdən çox əhali yaşayır. Əhalinin məşğuliyyəti əsasən əkinçilik, maldarlıq, arıçılıqdır.
İcra başçısı kənd sakinlərini salamlayaraq qonşu kəndlərdə keçirdiyi səyyar qəbullarda tez-tez görüşmələrinə baxmayaraq, bu gün Sım kəndində növbəti dəfə yerli sakinlərlə görüşüb onları dinləmək, kəndin problemləri ilə yerində tanış olmaq, həllinə köməklik etmək məqsədi ilə gəldiyini diqqətə çatdırdı. Son bir ayda Sipiyəpart kəndindən sonra ikinci dəfə nümayəndəlikdə səyyar qəbul keçirdiyini xatırladaraq, mürəkkəb relyefə malik dağlıq ərazidə yerləşməsinə baxmayaraq, son illər burada  xeyli iş görüldüyünü, ən əsası Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırıldığını, yaraşıqlı məktəblərin, Pəlikəş kənd sahə xəstəxanası üçün yeni binanın tikildiyini vurğulamışdır. Əvvəllər saatlarla qət edilən yolu bu gün rayon mərkəzindən cəmi bir saata rahatlıqla gəldik. Yol istifadəyə veriləndən sonra ərazidə xeyli yeni evlər və digər tikililər inşa edilib. Bu çox yaxşıdır. Qoy sakinlərin rahat yaşayışı, cavanlarımızın məşğulluğu üçün şərait olsun.
 Kənd sakinlərindən Talıb Salayev, Zahirəddin Məmmədov, Pərviz Salayev, Elxan Əliyev və başqaları çıxış edərək respublikamızda və rayonumuzda əhalinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlərə hədsiz sevindiklərini bildirmiş, göstərilən qayğı və diqqətə görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər. Müntəzəm olaraq kənd sakinləri ilə görüşə gəldiyinə, qaldırılan məsələlərin həllinə həssaslıqla yanaşdığına görə İcra başçısına razılıqlarını bildirmişlər. Sakinlər görülən işlərlə yanaşı kəndin yaxınlığında olan meşədə yıxılmış ağaclardan oduncaq kimi istifadəsinə icazə verilməsi, internetin sürətinin artırılması, Şümrüd kəndində həkim məntəqəsinin açılması, təzə tikilmiş evlərə elektrik sayğaclarının quraşdırılmasına köməklik göstərilməsi barədə təkliflər  vermişlər.
Səmimi və işgüzar görüşə görə sakinlərə təşəkkürünü bildirən İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin icrasına müvafiq köməkliklərin göstəriləcəyini bildirmişdir. Qeyd etmişdir ki, Pəlikəş-Deqədi, Taxtanakəran-Miki və Taxtanakəran-Toradi avtomobil yolunun asfaltlaşdırılması ilə dağ kəndlərinin əsas sosial problemi həll olunmuşdur.  Bunu sakinlər də çıxışlarında vurğuladılar. Hazırda bu cür ucqarlarda yerləşən kənd sakinlərinin daha əsas sosial məsələlər deyil, məsələn, sürətli internet, bankomat istəmələri də sevindiricidir. Bu bizim ölkəmizin nə qədər inkişaf etdiyini, əhalinin yüksək sosial rifahını göstərən amillərdir. İnanırıq ki, bu inkişaf, bu tərəqqi daha da güclənəcəkdir. Müstəqil Azərbaycanımızın gündən-günə güclənən iqtisadiyyatı bizə bunları deməyə əsas verir.
 Bütün bunları ulu öndər Heydər Əliyevin siyasətini müvəffəqiyyətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirən İcra başçısı müstəqil dövlətimizin uğurlu inkişafı ilə bundan sonra da əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlərin davam etdiriləcəyini əminliklə söyləmişdir.
Qeyd etmişdir ki, rayonumuzun səfalı guşələrindən biri olan Sım  kəndi relyefinə görə elə bir yerdədir ki, burada müəyyən problemlərin, yerli şəraitə görə mövcudluğu təbiidir. Ancaq bunlar gələcəkdə tamamilə həllini tapacaqdır. Gələcəkdə asfalt yol kəndin mərkəzinə qədər çatdırılacaq, burada turizmin inkişafı üçün müəyyən işlər görüləcəkdir. Bunun üçün münbit şərait, əmin-amanlıq və inkişaf var.
İcra başçısı Sım kənd tam orta məktəbin tədris binasında olmuş, binanın yaxşı vəziyyətdə saxlanmasından razılığını bildirmiş, tövsiyə və tapşırıqlarını vermişdir.
Astarainfo.az