Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 30 iyun 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən verilən məlumata görə, imtahan Bakıda olacaq.
İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 329, BB qrupu üzrə 1047, ümumilikdə isə 1376 namizəd  qeydiyyatdan keçib.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.
Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.İmtahan bütün binalarda eyni vaxtda – saat 10:00-da başlanacaq və 3 saat davam edəcək. (APA)