Sinoptiklər ölkə ərazisində müşahidə edilən anomal istilərlə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  bildirilib ki, anomal isti hava şəraiti iyulun 4-dək davam edəcək. Havanın maksimal hərarəti 35-40°, bəzi yerlərdə 43°, dağlıq rayonlarda 28-33° isti olacaq.
Abşeron çimərliklərində davam edən anomal isti hava şəraiti ilə bağlı günorta saatlarında 11:00-dan 17:00-dək uzun müddət Günəş şüalarının birbaşa təsiri altında olmaq risklidir.
Tibbi-meteoroloji proqnoza görə, iyulun 2-dək Abşeron yarımadasında anomal isti və durğun hava şəraitinin davam edəcəyi gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün risklidir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür.AZƏRTAC