Narkomaniyaya qarşı mübarizə təkcə dövlət orqanlarının deyil, hər bir vətəndaşın vəzifəsi olmalı, bu bəlaya qarşı birgə mübarizə aparılmalıdır.
 Bu fikir iyulun 3-də Astara Rayon İcra Hakimiyyətində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəsti Əliyevanın “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri haqqında” məruzəsi dinlənilib. Bu gün bəşəriyyəti düşündürən ən ağır problemlərdən birinin cəmiyyətin bəlasına çevrilən narkomaniya olduğunu vurğulayan B.Əliyeva narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin əhatə dairəsinin, bununla bağlı cinayət hadisələrinin artmasının bu bəlaya qarşı mübarizənin daha da gücləndirilməsi zərurətini meydana çıxardığını diqqətə çatdırıb.
Qeyd olunub ki, rayon icra hakimiyyətinin narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyasının fəaliyyəti “Narkotik vasitələrin, psixotrop maddələrin və onların qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizə üzrə 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə yönəlib. Narkomaniyaya qarşı mübarizə məqsədilə Astara Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən narkoloji kabinetdə narkotik vasitələrdən istifadə edənlər, eləcə də alkoqolizmdən əziyyət çəkən insanlar müayinə və müalicə olunmaqla bərabər, onların bu xəstəliklərdən azad edilmələri üçün profilaktiki tədbirlər həyata keçirilir.
Bildirilib ki, bu ilin altı ayında rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 39 cinayət hadisəsi qeydə alınıb. Astara Rayon Polis Şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində bir sıra ərazi icra nümayəndəliklərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı faktlar aşkarlanaraq müvafiq tədbirlər görülüb.
Rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qadınların da cəlb olunması təşviş doğurur. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini Həsənova Rəna Xəlil qızının evindən 1 kiloqram 819,6 qram psixotrop maddələr olan müxtəlif növ dərman preparatları, Şahağac kənd sakini Məmmədova Rəhna Ələddin qızının üzərindən 1,283 qram heroin aşkar edilərək götürülüb.
Diqqətə çatdırılıb ki, ölkə ərazisində, eləcə də Astara rayonunda narkomaniyanın yayılmasının əsas səbəblərindən biri narkotik vasitələrin qonşu dövlətlərdən qaçaqmalçılıq yolu ilə müxtəlif vasitələrlə Azərbaycana gətirilməsidir. Buna qarşı mübarizədə bütün səylər birləşdirilməli, sərhəd və gömrük məntəqələrində nəzarət gücləndirilməli, hüquq mühafizə orqanları öz fəaliyyətlərində yeni formalar və metodlar tətbiq etməklə bu sahəyə diqqəti artırmalıdırlar.
Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov və başqaları rayonda narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlərdən, həyata keçirilən profilaktiki tədbirlərdən danışıblar.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, narkomaniya ilə mübarizə təkcə hüquq mühafizə orqanlarının vəzifəsi deyil, bu işdə cəmiyyətin bütün təbəqələrinin nümayəndələri fəal iştirak etməlidirlər. Son dövrdə polis əməkdaşlarının bu sahədə gördüyü işlərin rayon əhalisi tərəfindən razılıqla qarşılandığını vurğulayan Q.Ağayev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı aidiyyəti orqanların rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.Tədbirdə müzakirə olunan məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.AZƏRTAC-Bağır Əliyev