Astaralı gənclər iyulun 10-da Gəncə Şəhər İcra Hakimiyyətinin inzibatı binası qarşısında bir qrup radikal tərəfindən asayişin pozulmasına cəhd göstərilməsini nifrətlə pisləyirlər.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının Gənclər Birliyinin sədri Tural Eyvazov bildirib.
Gəncədə baş verənləri xalqımızın birliyini pozmağa yönələn uğursuz cəhd kimi dəyərləndirən T.Eyvazov pozucu qüvvələrin məkrli niyyətlərinin qarşısı alınarkən iki polisimizin qətlə yetirilməsini ölkəmizdə sabitliyi, ictimai asayışı pozmağa, xaos yaratmağa yönəlmiş təxribat olduğunu diqqətə çatdırıb. Gənclər Birliyinin sədri deyib: “Bütün dünya Azərbaycanı sabit və tolerant ölkə kimi tanıyır. Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji, nəqliyyat və digər infrastruktur layihələri region və dünya dövlətlərinin, xalqlarının sosial, iqtisadi inkişafına, təhlükəsizliyinə xidmət edir. Lakin ölkəmizi sevməyən anti-Azərbaycan qüvvələr bu sabitliyə, inkişafa qısqanclıqla yanaşırlar. Onlar hər vasitə ilə ölkəmizdə qarşıdurma yaratmağa cəhd göstərirlər. Ancaq onların bu cəhdləri əbəsdir. Çünki Azərbaycanda möhkəm xalq-iqtidar birliyi var. Bu birliyi heç bir qüvvə poza bilməz”.