İyunun 13-də Astara şəhərində “Astara” qəzetinin 85 illik yubileyi və “Astarainfo.az” xəbər saytının 1 illiyinə həsr olunmuş “Qəzet hər vilayətin aynasıdır” adlı tədbir keçirildi.
Astara Rayon Mədəniyyət Mərkəzində Milli Mətbuat Günü ərəfəsində keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Ulu Öndərin adını daşıyan Mərkəzdə böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və şəkillərlə tanış olublar.
 “Astara” qəzetinin 85 illik yubileiyi münasibəti ilə Mədəniyyət Mərkəzində təşkil edilmiş sərgi də tədbir iştirakçılarının xüsusi marağına səbəb oldu. Sonra Mədəniyyət Mərkəzinin akt zalında tədbirin əsas hissəsinə start verildi.
Yubiley tədbirində əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Tədbir iştirakçılarına Astara rayonunun sosial-iqtisadi inkişafına və  qəzetin fəaliyyətinə həsr olunmuş  “Cənnətməkan Astara”adlı video-çarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə  qəzetin 85 illik inkişaf yolundan və bu illər ərzində qəzetin gördüyü işlərdən danışıb.
 Daha sonra söz Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurası sədrinin müavini, Respublika Jurnalistləri Həmkarlar Təşkilatının sədri Müşfiq Ələsgərliyə verildi. Müşfiq Ələsgərli Mətbuat Şurasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əflatun Amaşovun təbriklərini “Astara” qəzetinin kollektivinə çatdırdı və region qəzetlərinin rəhbərliyinə gənc kardların gətirilməsinin çox müsbət bir hadisə olduğunu bildirdi.
Çıxışının sonunda Müşfiq Ələsgərli “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadəyə “Astara” qəzetinin 85 illik yubileyi münasibətilə Azərbaycan Mətbuat Şurasının diplomunu təqdim etdi.
Sonra tədbirdə Astara rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Qızbəs Məmmədova çıxış etdi. O, “Astara” qəzetinin kollektivinə Astara rayon İcra Hakimiyyəti Başçısı Qəzənfər Ağayevin təbriklərini çatdırdı və qəzetin bir sıra əməkdaşlarına rayon icra hakimiyyətinin fəxri fərmanlarını təqdim etdi.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə çıxışında “Astara” qəzetinin kollektivinə göstərdikləri fədakar əməyə görə təşəkkürlərini bildirdi və Mətbuat Şurası İdarə Heyəti üzvlərinin bu cür tədbirlərdə iştirakının həm də regionlarda gənc jurnalistlərə dəstək xarakteri daşıdığını ifadə etdi.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi mətbuat xidmətinin rəhbəri Yadigar Məmmədli isə çıxışında: “Azərbaycan bir bütöv olduğu kimi, onun mətbuatı da bir bütövdür. Buna görə də, region mətbuatı da Azərbaycan mətbuatının bir parçasıdır” , – dedi və “Astara” qəzetinin öz peşəkarlıq səviyyəsi ilə ölkə mətbuat orqanları arasında öz xüsusi yeri olduğunu bildirdi.
Sonra söz Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi, İLESAM-ın Azərbaycan üzrə nümayəndəsi Xəyal Rzaya verildi. Xəyal Rza da “Astara” qəzetinin kollektivini 85 illik yubiley münasibət ilə təbrik etdi və qəzetin fəaliyyəti ilə yanaşı “Astarainfo.az” xəbər saytının fəaliyyətinin təqdirəlayiq bir hadisə olduğunu bildirdi. Daha sonra Xəyal Rza İLESAM xətti ilə Azərbaycana hədiyyə edilən 5 min kitabdan 500-nü “Astara” qəzetinə hədiyyə etdiklərini bildirdi.
Tədbirdə həmçinin “Astara” qəzetinin sabiq baş redaktoru, istedadlı jurnalist Azər Abdullayev, Misirdə Azərbaycan Diasporunun sədri, tədqiqatçı alim Seymur Nəsirov, “Ailəm” jurnalının baş redaktoru Aydın Abdurahmanov və başqaları çıxış etdilər.
Tədbirin sonunda “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə qəzetin fəaliyyətndə xüsusi xidmətiləri olan əməkdaşları fəxri fərmanlarla mükafatlandırdı. Çıxışlar və təbriklər musiqi nömrələri ilə müşayiət olundu.
Astarainfo.az