Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb.
Nazirlər arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçirilib. Ardınca hər iki nazir jurnalistlərin suallarını cavablandırıblar.
Mövlud Çavuşoğlu deyib ki, yaxın günlərdə Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akarın Azərbaycana səfərləri planlaşdırılır. Görüşdə mühüm regional layihələri, bölgədə təhlükəsizlik və sabitliyi müzakirə etdiklərini deyən Çavuşoğlu Türkiyə və Azərbaycan arasında enerji sahəsində əməkdaşlığın getdikcə inkişaf etdirildiyini qeyd edib.
Mövlud Çavuşoğlu bildirib ki, Elmar Məmmədyarovla Avropa Şurası Parlament Assambleyasında baş verənləri, bununla bağlı atılacaq addımları da müzakirə ediblər.
Türkiyənin xarici işlər naziri həmçinin NATO sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə də aydınlıq gətirib.
Elmar Məmmədyarov isə bildirib ki, sentyabr ayında Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə növbəti görüşün baş tutması gözlənilir. Yüksək səviyyəli danışıqların keçirilməsinə gəldikdə isə, nazir bildirib ki, Ermənistan tərəfi bunun üçün vaxt istəyib.
Mövlud Çavuşoğlu ona ünvanlanmış suala cavab olaraq vurğulayıb ki, Türkiyə ABŞ-ın İrana qarşı olan sanksiyalarının əleyhinədir və bu sanksiyalara qoşulmayacaq. “Vaxtilə Avropa İttifaqı da Rusiyaya qarşı sanksiya tətbiq edib, amma biz buna qoşulmadıq. Bunları doğru hesab etmirik”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:(Xezerxeber.az)