Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü və milli mətbuatımızın yaranmasının 143 illiyi münasibətilə iyulun 21-də Bakıda keçirilmiş Beynəlxalq Media Forumunda iştirak edən Türkiyə jurnalistləri ölkəmizə səfərlərinin təəssüratlarını oxucularla bölüşüblər.
Star, Yenişafak, Yeniakıt, Akşam, Aksutvhaber və digər mətbu orqanlarda maraqlı yazılar dərc edilib, forum barədə videomateriallar yayılıb. Jurnalistlər səfər təəssüratlarını sosial şəbəkələrdə də bölüşüblər.
“Yeni akıt” qəzetində mövzu ilə bağlı üç yazı dərc olunub. Yazılarda Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovla görüşdən, forumda müzakirə olunan aktual məsələlərdən bəhs olunur.
Jurnalist Hasan Öztürkün “Yeni Şafak” qəzetində dərc edilən məqaləsində də türkiyəli jurnalistlərin Bakıda keçirdikləri görüşlər, forum barədə məlumat verilir.
Tanınmış jurnalist Emin Pazarcının “Akşam” qəzetində dərc olunmuş “Ayrılırmı könül candan…” adlı məqaləsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, Qafqaz İslam Ordusunun rəşadəti, Azərbaycan milli mətbuatının yaranması, eləcə də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Azərbaycan xalqının Türkiyə dövlətinin yanında olması ilə bağlı fikirlər yer alıb.
Xatırladaq ki, forumda iştirak etmək üçün Türkiyənin 40-dan çox jurnalisti Azərbaycanda olub. AZƏRTAC