Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Şəfəq” Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən “Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək” layihəsi çərçivəsində 25 Avqust 2018-ci il tarixindən başlayan təbliğat xarakterli 2 günlük İNFOTUR yekunlaşıb.
İnfoturun birinci günü ölkənin 8 rayonunu təmsil edən ictimai-fəal gənclər və turizm sahəsində çalışanlar layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatları aldıqdan sonra Lənkəran rayonunda Xanbulan gölünə, İstisu qəsəbəsindəki çay plantasiyası və plantasiyadakı çay yığımında iştirak edib, barama saxlama fəaliyyəti ilə tanış olub, Haftoni qəsəbəsindəki bambuk sahəsi və bambukdan hazırlanan əl işlərini maraqla seyr edib.
Turun 2-ci günü isə iştirakçılar Astara rayonun Miki kəndinə səfər edib, oradakı arıçılıq təsərrüfatına baş çəkib, bu sahədə ətraflı məlumatlar əldə etdikdən sonra təsərrüfat sahibi tərəfindən təbii şəkildə kəsilmiş bal məhsulundan istifadə edib. Həmin ərazidəki sitrus bağlarına baş çəkdikdən sonra iştirakçılar Ərçivan kəndindəki “Yanar bulaq” və XIX əsrə aid Ləmə baxış keçirib, həmin kənddə yerləşən çəltik dəyirmanının fəaliyyəti ilə tanış olub və dəyirmanda təbii düyü məhsullarından alış ediblər.
Sonra Astarada Dənizkənarı Park Bulvara və bulvar ərazisinin yeni salınmış ikinci hissəsi ilə tanış olublar. İştirakçıların hər biri regionun aqroturizm potensialını yüksək qiymətləndirib və davamlı olaraq bu istiqamətdə təbliğat tədbirlərinin aparılmasına dəstək olacaqlarını qeyd ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.
Asim Yusifov
Astarainfo.az