Şəhid Pəncəli Teymurov adına Siyəkü kənd Boks Məktəbində Ərçivan və Siyəkü Boks  Məktəblərinin 2000-2004, 2005-2008-ci il təvəllüdlü yetirmələri arasında VMH poliatlon çoxnövçülüyü üzrə birincilk keçirilib.
Tədbiri Astara rayon Gənclər və İdman İdarəsinin rəis müavini İqrar Cəfərov açıq elan edib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçən bütün şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra çıxış edənlər Siyəkü kənd Boks Məktəbinin direktoru Eldar Əhədov və Astara Boks Mərkəzinin məşqçi-müəllimi Ayaz Baxşıyev şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun keçdiyi şərəfli həyat yolu, vətəninə,torpağına, milli-mənəvi dəyərlərimizə bağlılığı, döyüş yolu, müqəddəs şəhidlik zirvəsinə ucalması haqqında məlumat veriblər.
Sonra yarışa start verilib. Yarış “turnikdə dartınma”, “qolların açılıb-bükülməsi”, “paralel qollarda çalışma”, “ağırlıq qaldırma” mərhələləri üzrə keçirilib.
Yekunda 2000-2004-cü il təvəllüdlülər arasında Kərimov Adnan Azad oğlu, Məhərrəmov İqbal İlyas oğlu, Hüseynov Hüseyn Elşən oğlu müvafiq olaraq I, II, III yerlərə, 2005-2008-ci il təvəllüdlülər arasında isə Şabanov Coşqun Sərxan oğlu, Cəfərov Kənan Kamran oğlu, Məmmədzadə Orxan Ruslan oğlu müvafiq olaraq I, II, III yerlərə layiq görülərək medal və diplomlarla təltif olunublar.
 Sonda xatirə şəkli çəkilib.

 Elnur Qurbanlı

Astarainfo.az