Prokurorluq dövlət maraqlarının və insan hüquqlarının qorunmasına xidmət edir

Hər bir dövlətin yarandığı vaxtdan hazırkı dövrə qədər çoxəsrlik tarixi ənənələri və adətləri mövcud olub. Şərqdə ilk demokratik respublika kimi adını tarixə yazan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi və tarixi zərurət kimi yarandı. Uzaq minilliklərə qədər uzanan tariximizdə baş verən ən əlamətdar və önəmli hadisələrdən biri kimi müstəqil cümhuriyyətin yaranması xalqımızın siyasi şüur səviyyəsinin yetkinliyindən xəbər verirdi. Dövlətçilik prinsiplərinə görə demokratik respublika olan Azərbaycan artıq özünün parlamenti, hökuməti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlət idi. Xalq Cümhuriyyətində həmçinin digər dövlət təsisatlarının, o cümlədən prokurorluğun yaradılması istiqamətində zəruri işlər görülürdü.
Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanı fəaliyyətə başlamışdır. Bu baxımdan ümummilli liderimiz Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabrın 1-i Respublikamızda prokurorluq işçilərinin peşə bayramı günü elan olunmuşdur.
Sonrakı dövrdə isə ədliyyə naziri Xəlilbəy Xasməmmədovun təqdimatı ilə 14 noyabr 1918-ci il tarixdə Azərbaycan Demokratik Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə «Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə» təsdiq edilmiş, eyni zamanda ştat üzrə prokurorlar təyin edilərək fəaliyyət göstərmişlər.
Azərbaycan Demokratik Respublikasının süqutundan sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradılaraq yeni hökumət təşkil edilmişdir. 28 may 1922-ci ildə Rusiya Ədliyyə Komissarlığı nəzdində Dövlət prokurorluğu təsis edilmişdir.
Azərbaycan Respublikasının beynəlxalq hüququn subyekti kimi tanınması, ictimai həyatın bütün sahələrində köklü iqtisadi və siyasi, o cümlədən hüquqi islahatların aparılması zərurəti yeni Konstitusiyanın qəbul edilməsini şərtləndirən başlıca amillərdən olmuşdur.
Aparılan bu böyük işin yekunu olaraq, yeni Konstitusiya layihəsi 1995-ci ilin oktyabrın 15-də ümumxalq müzakirəsinə çıxarılmış və 1995-ci ilin noyabrın 12-də isə müstəqil və suveren Azərbaycan Respublikasının ilk Konstitusiyası ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmişdir.
Hakimiyyətin bölünməsi prinsipinin hüquq nəzəriyyəsində qəbul edilməsi, onun əvvəlcə 18 oktyabr 1991-ci il tarixli «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» Konstitusiya Aktının 13-cü maddəsində, daha sonra isə Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsində göstərilməsi Azərbaycan Respublikasının dövlət hakimiyyəti sistemində prokurorluğun yerinin müəyyənləşdirilməsinə hüquqi əsaslar yaratmışdır. 12 noyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Konstitusiyasının 133-cü maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluğu məhkəmə hakimiyyətinə aid edilmişdir.
Bütün sahələrdə olduğu kimi, prokurorluq orqanlarının əsas inkişafı, peşəkar kadr korpusunun formalaşdırılması, bu orqanın məzmunca demokratik və sivil bir orqana çevrilməsi Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün müstəqil Azərbaycan Prokurorluğu digər dövlət təsisatları arasında yüksək intellektuallı kadr korpusuna və səlahiyyətlərə, cinayətkarlığa qarşı mübarizədə prinsipial mövqeyə malik çevik və mükəmməl bir qurum kimi formalaşıb və fəaliyyət göstərir.
«Prokurorluq peşəsi ağır, çətindir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edirəm siz həmişə çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gün də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi, mən Azərbaycan prokurorluğuna inanıram, güvənirəm və arxalanıram». Yeni Azərbaycan dövlətinin banisi Heydər Əliyevin respublika prokurorluq orqanlarının 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaqda dediyi bu sözlər bir tərəfdən yüksək etimadın nümayişi olsa da, digər tərəfdən prokurorluq əməkdaşlarının üzərinə qoyulan böyük məsuliyyətin təzahürü idi.
Prokurorluq orqanlarında aparılan islahatların əsas qayəsi bu orqanın səlahiyyətlərinin beynəlxalq standartlara uyğunlaşdırılması ilə yanaşı, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olmuşdur. Həmin vəzifələrin həyata keçirilməsi baxımından 7 dekabr 1999-cu il tarixdə qüvvəyə minmiş «Prokurorluq haqqında» Qanunun müstəsna əhəmiyyəti xüsusi vurğulanmalıdır. Bu mütərəqqi qanun prokurorluğun totalitar rejimə xas bəzi funksiyalardan azad olmasına, onun fəaliyyətinin demokratik dəyərlərə uyğunlaşdırılmasına zəruri hüquqi zəmin yaratmışdır.
Dövlətimizin insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində beynəlxalq normaları prioritet kimi qəbul etməsi öz əsasını təkcə Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq sənədlərdə deyil, habelə «Prokurorluq haqqında» Qanunda, cinayət – prosessual qanunvericiliyində və digər milli qanunlarda da tapmışdır. Belə ki, «Prokurorluq haqqında» Qanunun 3-cü maddəsində göstərildiyi kimi, prokurorluq haqqında qanunvericiliyin Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər qanunlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Beynəlxalq standartlara və demokratik prinsiplərə, Milli dövlətçilik ənənələrinə uyğun hazırlanmış «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Qanunun, «Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında» Əsasnamənin və digər normativ sənədlərin qəbul edilməsi nəticəsində prokurorluqda aparılan islahatlar yeni bir mərhələyə qaldırılmış, fəaliyyətimizin hüquqi tənzimlənmə prosesi daha da təkmilləşdirilmişdir.
2000-ci il aprelin 26-da respublika prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüşən ümummilli lider prokurorluğun o dövrə qədər fəaliyyətini obyektiv təhlil etmiş, nöqsanları, problemləri, gələcək inkişaf perspektivlərini göstərmiş, konkret tapşırıqları vermişdir. Ulu öndərin bu görüşdəki proqram xarakterli məruzəsi prokurorluqda həyata keçirilən demokratik məzmunlu hərtərəfli islahatların əsasını təşkil etmişdir.
Prokurorluq orqanlarına ardıcıl, davamlı dövlət qayğısı və etimad bu orqanın yarandığı vaxtdan olmuş və bu gün də davam edir.
Cəmiyyət inkişaf etdikcə meydana çıxan yeni ictimai münasibətlər hüquq normaları ilə öz tənzimlənməsini tələb edir. Bu kimi münasibətlərin hüquqi tənzimlənməsi məqsədi ilə, bir qayda olaraq, qanunlar qəbul edilir və ya qəbul olunmuş qanunlara əlavələr və dəyişikliklər edilir. Bu isə öz növbəsində hər hansı bir dövlət qurumuna yeni səlahiyyətlərin verilməsi ilə nəticələnir.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» referendum aktına əsasən, prokurorluğa həm də qanunvericilik təşəbbüsü hüququ verilmişdir.
Digər tərəfdən, dövlət başçısının «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» 3 mart 2004-cü il tarixli, «Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının (2004-2006-cı illər) təsdiq edilməsi haqqında» 3 sentyabr 2004-cü il tarixli sərəncamları ilə «Korrupsiya qarşı mübarizə haqqında» Qanun və Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi yaradılmışdır.
Qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, fiziki şəxslərin hüquq və azadlıqlarına, hüquqi şəxslərin hüquqlarına əməl və hörmət edilməsi, obyektivlik, qərəzsizlik və faktlara əsaslanma, vahidlik və mərkəzləşdirmə, ərazi və ixtisaslaşdırılmış prokurorların Azərbaycan Respublikasının Baş prokuroruna tabe olması, siyasi bitərəflik prokurorluğun fəaliyyətinin əsas prinsipləri kimi «Prokurorluq haqqında» Qanunun 5-ci maddəsində göstərilmişdir. Göstərilən prinsiplər əsasında formalaşmış kadr korpusuna olan yeni tələblər «Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik Davranış Kodeksi»nin qəbul olunmasını şərtləndirmişdir. Həmin Kodeksdə prokurorluq işçisinin öz xidməti fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasını və qanunları, Beynəlxalq Prokurorlar Assosiasiyasının prokurorlar üçün müəyyən etdiyi peşə məsuliyyətini, əsas hüquq və vəzifə standartlarını, Baş prokurorun müvafiq əmrlərini rəhbər tutmalı, prokurorluq işçiləri üçün etika və davranış üzrə Avropa rəhbər prinsiplərini və Cinayət mühakimə sistemində prokurorluğun rolu haqqında Avropa Şurası Nazirlər Komitəsinin 6 oktyabr 2000-ci il tarixli 19 saylı tövsiyələrini nəzərə alınmalı, həmçinin cəmiyyətdə qəbul edilmiş etik qaydalara dönmədən əməl etməli olduğu kimi tələblər qarşıya vəzifə kimi qoyulmuşdur.

Fəridə Ağazadə

“Astara” qəzetinin baş redaktoru

Astarainfo.az