Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad Türkiyə mediasının əsas gündəm mövzusu oldu.
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan qonşu dövlətlərlə milli maraqlar əsasında qarşılıqlı əməkdaşlığını genişləndirməkdə, onlarla əlaqələrini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməkdədir. Qeyd edilən məqamlar özünü xüsusən eyni tarixi kökə, mədəniyyətə malik olan Azərbaycan-Türkiyə münasibətlərində daha aydın büruzə verir.
Azərbaycan və Türkiyə dostluq və qardaşlıq münasibətlərindən irəli gələrək hər iki ölkə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləyib, ortaq maraqlardan çıxış edib. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirir.
Türkiyə ilə Azərbaycanın dostluğunun sarsılmazlığı bu günlərdə cərəyan edən proseslər fonunda bir daha təsdiqini tapdı. Belə ki, sentyabrın 15-də paytaxtın Azadlıq meydanında Bakı şəhərinin işğaldan azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirildi. Prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təşkil olunan əsrin ən möhtəşəm paradına türk mediası da xüsusi diqqət ayırıb. İki ölkənin liderlərinin Bakı görüşü Türkiyədə tirajlanan bir neçə yüz minlik qəzetlərin manşet mövzusu olub. Aparıcı televiziya şirkətləri, internet portalları bu mövzu ətrafında materiallar təqdim ediblər. Onlardan bəzilərini diqqətinizə çatdırırıq.
“Yeni Şafak”:
“Olmazsa olmazımızdır”, “Bir ürəkdə iki can”
“Yeni Şafak” qəzeti “Olmazsa olmazımızdır”, “Bir ürəkdə iki can” adlı xəbərləri manşetdən verib. Qeyd edilib ki, dünya daha bir möhtəşəm parada şahidlik etdi. Azərbaycanın paytaxtında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. Düz 100 il əvvəl Bakı tarixində ilk dəfə Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün yenidən təkrarlanır. Prezidentlər İlham Əliyev və R.Ərdoğanın paradla bağlı fikirlərinin yer aldığı xəbərdə bildirilir ki, qardaşlığın rəmzinə çevrilən bu zəfər bayramı Azərbaycan-Türkiyə birliyinin sarsılmaz, əbədi olduğunu göstərir.
İlham Əliyevin “Yüz il bundan əvvəl Nuru paşanın Qafqaz İslam Ordusunun və Azərbaycan Milli Ordusunun birgə əməliyyatı nəticəsində Bakı işğalçılardan azad edildi. Bir gündən çox davam edən şiddətli döyüşlərdə bizim əcdadlarımız əsl qəhrəmanlıq, şücaət göstərmişlər” fikirlərinin də yer aldığı məqalədə Qafqaz İslam Ordusunun qəhrəmanlığının, dostluğunun, qardaşlığının unudulmaz olduğu diqqətə çatdırılıb.
“Star”:
“Qarabağ qətiyyəti”
“Star” qəzetinin “Qarabağ qətiyyəti” başlıqlı məqaləsində bildirilib ki, Türkiyə Azərbaycan uğrunda 1132 şəhid verib. Hər iki dövlət başçısının tarixi paradda etdikləri çıxışlarının yer aldığı məqalədə Türkiyə Prezidentinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi mesajlar xüsusi diqqət çəkib. Vurğulanıb ki, Ərdoğanın “Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir” fikirləri növbəti dəfə Azərbaycan-Türkiyə dostluğunun və qardaşlığının sarsılmaz olduğunu göstərir.
“Sabah”:
“İşğalçılar sərhədlərimizi açmağımızı gözləməsinlər”
“Sabah” qəzetinin “İşğalçılar sərhədlərimizi açmağımızı gözləməsinlər” başlıqlı xəbərində isə bildirilib ki, sentyabrın 15-də Bakı dünyanın ən möhtəşəm paradına şahidlik etdi. Azərbaycan və Türkiyə prezidentləri paradda çıxış edərək verdikləri mesajla iki ölkə arasında qardaşlığın sarsılmaz və əbədi olduğunu növbəti dəfə sübut etdilər. R.Ərdoğanın “Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir” fikirlərinin yer aldığı xəbərdə bildirilib ki, Türkiyə Prezidenti Yerevana açıq mesaj göndərdi. Xüsusilə beynəlxalq münasibətlər müstəvisində iki dövlətin bir-birini ardıcıl və davamlı dəstəkləməsi olduqca təqdirəlayiqdir.
“Milliyet”:
“Ermənistan çıxışı”
“Milliyet” qəzeti “Ermənistan çıxışı” başlıqlı xəbərində İlham Əliyevin fikirlərinə geniş yer verərək vurğulayır ki, Türkiyə-Azərbaycan qardaşlığı səmimi əməkdaşlığa söykənir. Azərbaycan ilə Türkiyə arasında siyasi, iqtisadi əlaqələr və digər sahələrdəki əməkdaşlıq hazırda elə bir yüksək mərhələdədir ki, bunları həmin ölkələrin cəmiyyətlərinə anlatmağa, eləcə də dünyaya izah etməyə heç bir ehtiyac yoxdur. Bunun növbəti dəfə 100 ilin ən möhtəşəm paradında şahidi olduq. R.Ərdoğanın “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik” fikirlərinə yer ayıran nəşrdə bildirilib ki, Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.
“Türkiye”:
“Ermənistana xəbərdarlıq. Qarabağ problemi həll olunmadan addım atmarıq”
“Türkiye” qəzeti “Ermənistana xəbərdarlıq. Qarabağ problemi həll olunmadan addım atmarıq” başlıqlı xəbərini manşetə çıxarıb. Bildirilir ki, Azərbaycanla Türkiyə aralarında münasibətlərin nə dərəcədə yüksək səviyyədə qurulduğunu, tərəflərin mühüm əhəmiyyət kəsb edən maraqlar ətrafında hər zaman bir-birini müdafiə etməyə hazır olduqlarını həmişə göstərib. Hər iki prezidentin Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradla bağlı çıxışlarının yer aldığı məqalədə İlham Əliyevin “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun”, R.Ərdoğanın isə “Qardaş Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayanların, bir milyondan çox qardaşımızın öz vətəninə qayıtmasına mane olanların bizdən sərhədlərimizi açmağımızı gözləmələri əbəsdir” fikirlərini xüsusi olaraq diqqətə çatdırıblar.
“Yeni akit”:
“Azərbaycanda qürur günü”
“Yeni akit” qəzeti “Azərbaycanda qürur günü” başlıqlı xəbərində parad haqqında oxuculara ətraflı məlumat verib. Qeyd edilib ki, sentyabrın 15-də Azərbaycan paytaxtının Azadlıq meydanında Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad keçirilib. 1918-ci il sentyabrın 15-də Bakı tarixində ilk dəfə Azərbaycanın paytaxtı statusunu alaraq Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordu birləşmələrinin zəfərini bayram edirdi. Həmin gün yenidən təkrarlandı. İlham Əliyev və R.Ərdoğanın paraddakı çıxışlarının yer aldığı məqalədə bildirilib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək.
“Hürriyet”:
“Boş yerə gözləməyin”
“Hürriyet” qəzeti isə “Boş yerə gözləməyin” başlıqlı xəbəri manşetə çıxarıb. Hər iki dövlət başçılarının çıxışlarına geniş yer ayrılan məqalədə qeyd olunub ki, əsrin paradı qardaşlığın, sədaqətin rəmzinə çevrilib. Prezident İlham Əliyevin “Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikirlərini oxuculara çatdıran nəşr Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsinin tarixi hadisə olduğunu yazıb.
Rəcəb Tayyib Ərdoğanın Dağlıq Qarabağla bağlı Ermənistana növbəti xəbərdarlığını xüsusi başlıqla oxucularına təqdim edən qəzet yazır ki, dövlət başçısının Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı paraddakı çıxışı bunu deməyə əsas verir. Biz Türkiyədə hər zaman “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyərək hərəkət edirik və dar gündə də, yaxşı gündə də qardaşlarımızın yanındayıq.
“Akşam”:
“Dağlıq Qarabağ olmazsa olmazımız”
“Akşam” qəzeti isə “Dağlıq Qarabağ olmazsa olmazımız” başlıqlı xəbərində iki liderin fikirləri əsasında 100 illin paradına geniş yer ayırıb. Bildirilib ki, Azərbaycan ilə Türkiyə arasındakı münasibətlər ən yüksək zirvədədir. İki ölkə bütün sahələrdə əməkdaşlıq edir, bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir.
Nəşr Prezident R.Ərdoğanın Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini diqqətə çatdırıb: “Azərbaycanın sevinci bizim sevincimizdir, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir. Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir”.
“Vatan”:
“İşğala son qoyulmasa, sərhədlər açılmayacaq”
“Vatan” qəzeti “İşğala son qoyulmasa, sərhədlər açılmayacaq” başlıqlı xəbərində hər iki ölkənin dövlət başçılarının əsrin paradı barədə çıxışlarını ön plana çıxarıb. Qeyd olunub ki, 100 il bundan əvvəl Nuru paşanın komandanlığı altında yeni yaradılmış Azərbaycan Milli Ordusu könüllülərlə birlikdə Bakını işğalçılardan azad edib. Yüzlərlə hərbi texnikanın, uçuş vasitələrinin, zirehli texnikaların, raket və artilleriya silahlarının, hava hücumundan müdafiə sistemlərinin, helikopterlərin, pilotsuz uçuş aparatlarının, digər silah və texnikanın nümayiş olunduğu parad bütün dünyanın diqqət mərkəzində olub.
Qeyd olunub ki, R.Ərdoğanın “Dağlıq Qarabağ probleminin həlli Ermənistanla əlaqələrimizin bərpasının ən vacib şərtidir. Bunu hamı bilməlidir” fikirləri isə Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də xüsusi fəallıq göstərdiyini, bu məsələdə Azərbaycanın ədalətli mövqeyinə tam dəstək verdiyini açıq şəkildə nümayiş etdirir.
“Karar”:
“Qarabağda qardaşın yanındayıq”
Qardaş ölkənin “Karar” qəzeti isə 100 ilin ən möhtəşəm paradını oxuculara “Qarabağda qardaşın yanındayıq” başlıqlı xəbəri ilə çatdırıb. Hər iki dövlət başçılarının fikirlərinin yer aldığı məqalədə qeyd olunub ki, Azərbaycan və Türkiyə silahlı qüvvələrinin hərbi qulluqçuları Osmanlı Türkiyəsi və Azərbaycanın milli hərbi qüvvələri əsasında təşkil edilmiş Qafqaz İslam Ordusunun süvari və piyadalarının qiyafəsində, hər iki ölkənin dövlət bayraqları altında tribuna önündən keçdilər. Zəfər günü adlandırılan 15 sentyabr 1918-ci il tarixinin 100 illiyinin qeyd olunması türk birliyinin, qardaşlığının nümunəsidir.
“Milat”:
“İşğalçılara sərhədləri açmarıq”
“Milat” qəzetinin “İşğalçılara sərhədləri açmarıq” başlıqlı xəbərində isə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığı qeyd edilib. Yazılıb ki, R.Ərdoğanın “İşğalçılara sərhədləri açmarıq” açıqlaması isə Yerevana növbəti mesajdır. Azərbaycan lideri İlham Əliyevin çıxışında dediyi “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikrinin yer aldığı məqalədə Türkiyə-Azərbaycan münasibətlərinin həm iki ölkə üçün, həm də region üçün çox önəmli rol oynadığı xüsusi vurğulanıb.
“Anadolu” xəbər agentliyi, “TRTHaber”, “AHaber”, “NTV”, “CNN Türk” kanallarında və bir çox xəbər agentliklərində dərc edilən və göstərilən xəbərlərdə də R.T.Ərdoğanın Azərbaycana rəsmi səfərinə və hər iki ölkə liderlərinin fikirlərinə geniş yer ayrılıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü prinsipləri əsasında həllinə dəstək verdiyi diqqətə çatdırılıb. Bildirilib ki, bu səfər növbəti dəfə sübut etdi ki, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyi sarsılmaz və əbədidir.
Elçin CƏFƏROV,
“Azərbaycan”