Bakı Tekstil Fabrikinin maliyyə dəstəyi və Gənclərin Sosial İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Astara rayonunda aztəminatlı ailələr üçün xeyriyyə aksiyası həyata keçirilib. Aksiya nəticəsində Astara rayonunun Maşxan, Təngərüd, Ərçivan, Kijəbə, Tüləgüvan, Burzubənd, Ağkörpü kəndlərində yaşayan yüzə yaxın aztəminatlı ailələrə müxtəlif növ geyimlər, 46 dəst məktəbli forması, məktəb ləvazimatları, oyuncaqlar pulsuz olaraq paylanılıb.
Bakı Tekstil Fabrikinin icraçı direktoru Elçin Babayevin verdiyi məlumata görə aksiyanın əsas məqsədi aztəminatlı ailələrə dəstək vermək, tədris ilinin başlanması ilə əlaqədar aztəminatlı ailələrdən olan məktəbli uşaqları sevindirmək və cəmiyyətdə paylaşma mədəniyyətini formalaşdırmaqdan ibarətdir.
Astara rayonunda fəaliyyət göstərən gənclər təşkilatının sədri Rövşən Bağırov bildirib ki, yüzlərlə insanın sevincinə səbəb olmaq çox gözəl bir hissdir. Buna görə Bakı Tekstil Fabrikinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm. Hər bir şirkət öz korporativ sosial məsuliyyətini dərk edərək aztəminatlı ailələrə dəstək verməlidir. Bakı Tekstil Fabriki çox gözəl bir örnək və nümunənin əsasını qoydu.
Qeyd edək ki, bu aksiyada “Gəl Birlikdə Oxuyaq” komandasının üzvü Xumar Kərimli, Bakı Tekstil Fabrikinin işçisi Hüseyn İsayev və könüllü Fatimə Mohemmi şəxsən iştirak edərək dəstək göstəriblər.
Nicat Raufoğlu
Astarainfo.az