Misirin “Egypt” qəzetində “Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirovun müsahibəsi dərc olunub.
Diaspora sədri Misirlə Azərbaycan arasında tarixi, mədəni və siyasi əlaqələrdən danışıb. Hazırda Azərbaycanda çoxlu sayda ərəb adını daşıyan kəndlərin olmasını xalqlarımız arasında tarixi əlaqələrin bariz nümunələrindən biri kimi dəyərləndirib.
O, həmçinin Azərbaycanın neft ölkəsi kimi tanındığını və XIII əsrdə yaşamış böyük ərəb alimi Yaqut əl-Həməvinin öz “Mucəm əl-Buldan” əsərində Bakı neftindən bəhs etdiyini diqqətə çatdırıb. S. Nəsirov Misirin Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrin qurulması haqqında müqavilələr imzalayan ilk ölkələrdən biri olduğunu vurğulayıb. Bu gün dövlətlərimiz arasında bütün sahələrdə yüksək səviyyədə əlaqələrin olduğunu və gündən-günə inkişaf etdiyini diqqətə çatdıran diaspora sədri, Misir prezidenti Əbdul Fəttah əs-Sisinin Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşündəki “Azərbaycan bizə qardaş ölkədir” ifadəsini də xüsusi olaraq vurğulayıb.
S. Nəsirov ümummilli lider Heydər Əliyevin 1994-cü ildə, Prezident İlham Əliyevin isə 2007-ci ildə Misirə etdikləri səfərlərin əhəmiyyətindən və Misirdə Azərbaycan diasporunun və səfirliyin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı keçirdikləri tədbir barədə də geniş məlumat verib.
Qeyd edək ki, S.Nəsirov hazırda Misirdə təhsil alan 58 ölkədən olan 1000 dən çox tələbəyə rəhbərlik edir. 20 ildən çoxdur ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqat aparır, 250 dən çox əslən azərbaycanlı olan alimlər haqqında iki kitabın müəllifidir, çoxlu sayda elmi və publisist məqalələri ərəb və Azərbaycan dillərində dərc olunub. Qahirə Universitetində Azərbaycan dilini tədris edir.(AZƏRTAC)