Astara Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasında payız-qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, payız-qış mövsümünün başlanması kommunal sektorunda qışa hazırlıq tədbirlərinə nəzarətin artırılması zərurətini yaradıb. Əhalinin istilik və elektrik enerjisinə olan tələbatının ödənilməsi qarşıda duran ən mühüm vəzifələrdir.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə, idarə, müəssisə və təşkilatlarda müəyyən işlərin görüldüyünü vurğulayan Q.Ağayev bu sahədə qarşıya qoyulan zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.
İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyevin müzakirə edilən məsələ ilə bağlı məruzəsi dinlənilib.
Qeyd olunub ki, rayonun, idarə, müəssisə və təşkilatlarını, ümumilikdə rayon əhalisini elektrik və istilik enerjisi ilə Astara Elektrik Şəbəkəsi, Lənkəran Qaz İstismarı İdarəsinin Astara Xidmət Sahəsi, Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara Meşəbəyliyi təmin edir.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıqla əlaqədar 35/10 kilovoltluq Ərçivan və Pensər yarımstansiyalarında təmir işləri aparılıb, 35 kilovoltluq hava xətlərində 15 ədəd dayaq basdırılıb, 96 ədəd yeni izolyator quraşdırılıb.
Astara şəhər, Ərçivan və Kijabə qəsəbə, Səncərədi, Pensər, Təngərüd, Asxanakəran, Hamoşam, Şahağac və Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə 10 və 0,4 kilovoltluq hava xətləri üzrə ümumilikdə 263 ədəd yeni dayaq basdırılıb, 10315 metr naqil yenisi ilə əvəz olunub, 390 ədəd izolyator dəyişdirilib.
Sərək kəndində əhalinin elektrik enerjisinə olan tələbatını yaxşılaşdırmaq məqsədi ilə yeni transformator quraşdırılıb. Şahağac kəndində transformatorlarda kabelləşmə işlərinin aparılması məqsədi ilə 518 ədəd dayaq basdırılıb, 19166 metr kabel çəkilərək bərkidilib. Abonentlər üçün 448 ədəd qabaqcadan ödənişli SMART tipli sayğac quraşdırılıb. Astara şəhərində elektrik enerjisinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə çılpaq hava xətlərinin yeni SİP markalı kabellə əvəz olunmasına başlanılıb.
Diqqətə çatdırılıb ki, rayon qaz istismarı idarəsinin Astara xidməti sahəsi üzrə doqquz ayda 262  evin qazlaşdırılması həyata keçirilib. Rayon ərazisində xidməti sahənin daxili imkanları hesabına 10400 p/m müxtəlif diametrli qaz xətlərində təmir bərpa işləri aparılıb. Qaz abunəçiləri üçün 262 ədəd qaz sayğacı quraşdırılaraq istifadəyə verilib, rayon üzrə quraşdırılmış sayğacların ümumi sayı 17110-a çatdırılıb.
Astara şəhərinin qaz xətlərinin əsaslı təmiri və birpilləli sistemə keçirilməsi ilə əlaqədar 3140 p/m müxtəlif diametrli qaz xətləri yenisi ilə əvəz edilib, 262 ədəd fərdi qaz tənzimləyici quraşdırılaraq istifadəyə verilib.
Payız-qış mövsümünə hazırlıqla əlaqədar Lənkəran Regional Meşə Təsərrüfatı Mərkəzinin Astara Meşəbəyliyində quru və yıxılmış ağaclardan qış mövsümü üçün 433 kub metr həcmində odun yanacağı tədarükü görülüb. Tədarük olunmuş odun yanacağı ilə hərbi hissələr, rayonun ucqar dağ kəndlərində yaşayan sakinlər təmin olunub.
Payız-qış mövsümünə hazırlıq məqsədi ilə bütün ərazilərdə əkin sahələrini suvarmaq üçün vurulmuş bəndlərin açılmasına başlanıb. Tələb olunan yerlərdə yaşayış məntəqələrində subasma hallarının qarşısını almaq məqsədi ilə kanalların doldurulması hallarına qarşı mübarizə tədbirləri aparılıb.
Mənzil Kommunal Təmir-Tikinti İstehsalat Birliyi tərəfindən şəhərin küçələrində küvetlər məişət tullantılarından təmizlənib, ictimai yaşayış binalarında tüstü bacalarının təmizlənməsi işlərinə başlanıb.
Pyız-qış mövsümünə hazırlıqla əlaqədar rayonun 12 məktəbi dizel yanacağı, 28 məktəb isə odun yanacağı ilə təmin olunub. Mövsümə hazırlıqla əlaqədar Şiyəkəran kənd və şəhər 2 nömrəli uşaq bağçalarında cari təmir işləri aparılıb.
Müzakirələrdə çıxış edənlər payız-qış mövsümünün başlanması ilə əlaqədar görülmüş işlərdən danışaraq mövcud problemlər və qarşıda duran vəzifələrlə bağlı təkliflərini bildiriblər.
Yığıncağı yekunlaşdıran rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev payız-qış mövsümündə əhalinin dayanaqlı və fasiləsiz elektrik enerjisi, təbii qaz və odun yanacağı ilə təmin olunmasında qarşıda duran vəzifələrdən danışaraq əsas diqqəti bu sahədə mövcud olan problemlərə və yol verilən nöqsanlara yönəldib.
Qeyd olunub ki, rayonda suvarma kanallarının əhali tərəfindən zəbt olunması və buraya müxtəlif tullantıların atılması payız və qış mövsümündə bir sıra problemlər yaradır. Rayon ərazisindən Xəzər dənizinə axan çayların zibillənməsi, dəniz sahiliin müxtəlif tullantılarla çirkləndirilməsi yolverilməzdir. Dağlıq ərazidə yerləşən yaşayış məntəqələrinə çəkilən yeni yolların mühafizəsi daim diqqət mərkəzində olmalıdır.
Q.Ağayev rayonda payız-qış mövsümünün yüksək səviyyədə keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlar verib.
Astarainfo.az