1 oktyabr – prokurorluq işçilərinin peşə bayramı günü  Astarada qeyd olunub.
Astarainfo.az xəbər verir ki, rayonun inzibati orqanlarının rəhbərlərinin iştirakı ilə Astara rayon prokurorluq işçilərinin kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər.
Sonra Heydər Əliyev Mərkəzinə gələn iştirakçılar Ulu Öndərin mənalı həyatının və çoxşaxəli dövlətçilik fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən eksponatlarla tanış olublar.
Mərkəzin direktoru Kübra Səmədova Azərbaycan xalqının unudulmaz dövlət xadimi Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.
Daha sonra tədbir Astara Şəhər Prokurorluğunun inzibati binasında davam etdirilib.
Astara şəhər prokuroru  Qabil Qasımov əməkdaşları peşə bayramı münasibətilə təbrik edərək bildirib ki, Azərbaycanda milli prokurorluq orqanlarının yarandığı gündən 100 il ötür. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının Prokurorluğu sinfi mənafelərə xidmət edən orqandan qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydasının qorunmasına xidmət edən mütəşəkkil quruma çevrilməklə sivil və demokratik inkişaf yolu keçib.
Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev prokurorluq orqanlarına həmişə diqqət və qayğı ilə yanaşıb, Azərbaycan Prokurorluğunun əməkdaşlarının sosial durumunun yaxşılaşdırılması istiqamətində mühüm fərman və sərəncamlar imzalayıb.
 Bildirib ki, dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirən prokurorluq orqanları qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində yorulmadan xidmət göstərir.
Diqqətə çatdırılıb ki, dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti quruculuğu prosesində prokurorluq orqanları üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Nicat Raufoğlu
Astarainfo.az