Azərbaycan ərazisində növbəti dörd gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova report-a açıqlamasında bildirib ki, bu gün səhər saatlarından başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur: “Bu barədə əvvəldən xəbərdarlıq edilmişdi. Hazırda isə ölkə ərazisində güclü şimal-qərb küləyi əsir, bəzi yerlərdə yağış yağır. Belə hava şəraiti oktyabr ayının 6-sı gündüz saatlarınadək davam edəcək. Sabah gündüz saatlarında küləyin tədricən mülayimləşməsi gözlənilir. Oktyabr ayının 7-də də bəzi yerlərdə gün ərzində yağış yağması ehtimalı var”.
Direktor qeyd edib ki, oktyabr ayının 8-9-da hava şəraitinin nisbətən sabitləşəcəyi və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: “Havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələcək. Şimal-şərq küləyi əsəcək”.(Milli.az)