Oktyabrın 9-da  Ərçivan qəsəbə  1 saylı tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda  keçirilən görüşdə rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov,   rayon veteranlar təşkilatının sədri, sabiq polis polkovnik-leytenantı   Rafiq Əliyev, yetkinlik yaşına çatmayanlarla işlər üzrə  inspektor polis baş leyteantı Amal Rzayev, rayon icra hakimiyyəti başçısı aparatının  hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov,   Rayon Təhsil şöbəsinin müdiri Rəşad Həsənov,  Ərçivan qəsəbə icra nümayəndəsi Cəbrayıl Salmanov, Gənclər və İdman İdarəsinin rəisi müavini İqrar Cəfərov, Ərçivan 1 saylı tam orta məktəbin direktoru Azər Əzimov rayon polis şöbəsi tərəfindən keçirilən maarifləndirmə tədbirlərini yüksək qiymətləndirmiş, müzakirə olunan məsələ barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Rayon polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov məktəbli gənclərlə keçirilən görüşlərdə çıxış edərək əvvəlcə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etmiş, dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi yolunda onlara uğurlar arzulamışdır. O,  qeyd etmişdir ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün, valideynlərinin etimadını doğrultsun, Vətənə layiqli övlad olsun. Təəssüf ki, aramızda narkomaniyaya meyl edən yeniyetmə və gənclərə də təsadüf etmək olur. Odur ki, məktəb kollektivlərində izahat və maarifləndirmə işləri müntəzəm aparılmalıdır.
Yetkinlik yaşına çatmayanlarla işlər üzrə inspektoru polis baş leytenantı  Amal Rzayev  narkomaniyanın  törətdiyi bəlalar, faciələr, bu xəstəliyə qarşı profilaktik tədbirlərin, xüsusən məktəbli gənclər arasında geniş təbliğat və izahat işlərinin aparılmasının vacibliyini bu sahədə müntəzəm olaraq işlərin təşkilini və davam etdirilməsini xüsusi vurğulamışdır. Pedaqoji kollektivlər məktəbli gənclərin davranışlarını müntəzəm izləməli, siqaret çəkilməsi  və digər xoşagəlməz hərəkətlərə şagirdləri müəyyənləşdirməli və aidiyyəti üzrə vaxtında məlumat verməlidirlər.
Rayon icra hakimiyyətinin məsul işçisi Elnur Rəsulov, Gənclər və İdman İdarəsinin rəis müavini  İqrar Cəfərov, rayon  veteranlar təşkilatının  sədri Rafiq Əliyev çıxış edərək polis işçiləri tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirmiş, onlara təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Məktəbli gənclərlə polis əməkdaşlarının görüşü səmərəli olmuş, valideyn və müəllimlər tərəfindən razılıqla qarşılanmışdır.
Nicat Raufoğlu
Astarainfo.az