Müasir formada olmasa da, antik dövrdə də vegetarianlıq elementləri olub. Həmin dövrün məlumatlarında müəyyən xəstəliklər zamanı vegeterainlığa bənzər pəhriz növlərinin tövsiyə olunması məlumdur. Lakin bəzi xəstəliklərdə heyvan mənşəli məhsullardan istifadə edilməsi vacibdir.
Bu barədə Azərbaycan Tibb Universitetinin qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov məlumat verib.
O, deyib: “Vegetarianlıq növləri hər bir orqanizmə uyğun seçilməlidir. Məsələn, orqanizmdə turşuluq yüksəkdirsə, vegeterianlığın tətbiqi müsbət nəticə verir. Ciddi vegetarianlıq podaqra və böyrək daşı xəstəliklərində geniş tətbiq olunan vasitədir. Lakin ürək-damar sistemi xəstəlikləri, qaraciyər patologiyası, beyin qan dövranı pozuntuları zamanı eyni səviyyədə yanaşmaq düzgün deyil. Uşaqlar, inkişafda olan yeniyetmələr və çəki azlığı olanlar üçün həmin rejimə əməl etmək məqbul sayılmır”.
İbrahim Əhmədovun dediyinə görə, bəzi ciddi xəstəliklər zamanı isə vegeterianlığın müəyyən növləri nəinki məsləhət görülür, hətta vacib hesab edilir: “Bitki mənşəli və süd məhsulları ilə qidalanma demək olar ki, bütün xəstəliklərdə məqsədəuyğundur”.(AZƏRTAC)