Bələdiyyələrdə “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində Astara və Rüdəkənar bələdiyyələri tərəfindən oktyabrın 16-da Astara Pedaqoji Kollecində “Yerli vergiləri vaxtında ödəyək, problemləri həll edək” şüarı altında tədbir keçirilib. Tədbirdə Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov, Astara Pedaqoji Kollecin direktoru Ağababa İbrahimov, “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə iştirak etmişlər.
Astara bələdiyyəsinin sədri Aygül Məmmədova çıxış edərək gənclərə bələdiyyələrin fəaliyyəti və yerli demokratiya həftəsi haqqında geniş məlumat verib. Qeyd edib ki, bələdiyyələr yarandığı gündən yerlərdə demokratiya həftəsi ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilib. Mövcud ənənə bu ildə də davam etdirilir. Bu məqsədlə rayonumuzdakı bələdiyyələrə Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən “Azərbaycan Yerli Demokratiya Həftəsi” çərçivəsində həyata keçiriləcək tədbirlərə dair tövsiyələr verilib. Həmin tövsiyələrdə “Demokratiya Həftəsi”nin 2018-ci ilin oktyabr ayının 15-dən 21-dək keçirilməsi nəzərdə tutulub. Bələdiyyələrdə daxil olmuş məktub əsasında “Demokratiya Həftəsi”nin keçirilməsi məqsədilə müxtəlif tədbirlərin görülmüşdür. Rayonumuzdakı şəhər və kənd bələdiyyələrində tövsiyədə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə ciddi hazırlıq işləri görülüb. Bütün bələdiyyələrdə “Azərbaycanda Yerli Demokratiya Həftəsi” sözləri şüar kimi yazılıb kəndlərin mərkəzi hissəsinə vurulub.
Həftə ərzində bələdiyyələr “Bir bələdiyyə-azı bir layihə” təşəbbüsü çərçivəsində həyata keçirdiyi layihələr barədə şəhər və kənd sakinlərinə hesabatlar verib. Bələdiyyələrin gördüyü ən əsas işlərdən biri də 2019-cu ildə görüləcək işlərin, həyata keçiriləcək layihələrin və bələdiyyə büdcəsinin müzakirə olunmasıdır. Bu məqsədlə bələdiyyə üzvləri yerli vətəndaşlarla açıq və qapalı yerlərdə görüşlər keçirib, öz fəaliyyətləri barədə sakinlərə məlumatlar veriblər.
“Demokratiya Həftəsi” çərçivəsində görülən işlərdən biri də “Bələdiyyə poçt qutuları”nın quraşdırılmasıdır. Bu tövsiyənin yerinə yetirilməsi məqsədilə istər şəhərdə, istərsə də kəndlərdə “Bələdiyyə poçt qutuları” qoyulub. Bələdiyyələr həftə ərzində poçt qutularına daxil olan məktubları müzakirə edib, qaldırılan məsələnin həlli istiqamətində tədbirlər həyata keçiriblər.
Bələdiyyələrə daxil olmuş tövsiyələrdə “Açıq qapı” günlərinin elan edilməsi və vətəndaşların qəbulunun təşkili də qeyd olunub. Verilən tövsiyənin həyata keçirilməsi istiqamətində operativ işlər görülüb. Belə ki, bütün bələdiyyələrdə əvvəlcədən “Açıq qapı” günləri elan edilib və bələdiyyə üzvləri tərəfindən vətəndaşların qəbulu təşkil olunub.
Bununla yanaşı tövsiyələrdə nəzərdə tutulmuş “Qaynar xətt” telefon nömrəsi də bütün bələdiyyələrdə elan edilib. Vətəndaşlarla operativ əlaqələrin təmin edilməsi məqsədilə şəhər və kəndlərin müxtəlif ərazilərinə “Qaynar xətt” telefon nömrələri yazılıb vurulub. Bələdiyyələr “Qaynar xətt” telefon nömrəsinə daxil olmuş zəngləri qeydə alıb və onları ətraflı olaraq cavablandırıblar.
Bələdiyyələr daxil olmuş tövsiyəyə uyğun olaraq yerli Kütləvi İnformasiya Vasitələri ilə öz işlərini sıx şəkildə qurublar. Bu məqsədlə “Astara” rayon qəzetinin və “Astarainfo.az” saytının əməkdaşları bələdiyyələrdə olub və görülmüş işləri   işıqlandırıblar.
Nicat Abdullayev
Astarainfo.az
Astarainfo.az