Kütləvi İnformasiya Vasitələri cəmiyyətin inkişafında,onun  maariflənməsində, məlumatlanmasında özünəməxsus rola malikdir. Hər bir dövrün mətbuatı həm də onun aynasıdır. Bu gün mətbuatın müxtəlif növləri fəaliyyət göstərir.qəzet,jurnal,radio, televiziya,internet.Dünyada ən yaşlı informasiya vasitəsi isə qəzetdir.
Oktyabrın 19-da Astara şəhər 1 saylı tam orta məktəbində “Astara” qəzetinin təşəbbüsü,   rayon təhsil şöbəsinin və  rayon veteranlar təşkilatının birgə təşkilatçılığı ilə “Qəzet hər vilayətin aynasıdır” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbirdə “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə, rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev, rayon təhsil şöbəsinin metodkabinetin direktoru Emin Fətəliyev, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Məktəbin direktoru Xədicə Əliyeva tədbiri açaraq qəzetlərin gündəlik həyatımızdakı rolundan, əhəmiyyətindən xüsusilə də region qəzetləri arasında özünəməxsus yeri olan“Astara” qəzeti ilə əməkdaşlığından geniş bəhs edib.
Daha sonra  “Astara” qəzetinin baş redaktoru Fəridə Ağazadə qeyd edib ki, ölkəmiz yenidən müstəqillik əldə etdikdən sonra hər sahədə olduğu kimi milli mətbuat sahəsində də, canlanma, dirçəliş yaranmışdır.Bu gün çoxlu sayda fəaliyyət göstərən region qəzetləri arasında kifayət qədər oxucu məhəbbəti qazanan qəzetlərdən biri də “Astara”dır.
“Astara” 85 il ərzində milli mətbuatımızın zəngin ənənələrini məsuliyyətlə davam etdirmiş,rayonun ictimai-siyasi,sosial-mədəni həyatında baş vermiş hadisələrin vaxtında və operativ şəkildə işıqlandırılmasında mətbu sözünün təsir gücündən lazımınca istifadə l  etmişdir.
Baş redaktor vurğulamışdır ki, məqsədimiz  “Astara” qəzetini yaşatmaqla,rayonumuzu, onun inkişaf sahələrini daha da tanıtmaq eyni zamanda qəzetimizi ölkə səviyyəsinə çıxarmaq və oxucuların məhəbbətini qazanmaqdır.
Veteranlar təşkilatının sədri Rafiq Əliyev, rayon təhsil şöbəsinin metodkabinetin direktoru Emin Fətəliyev çıxış edərək qəzetdə vətənpərvərlik mövzusunda, rayonun ümumtəhsil məktəblərinin fəaliyyətindən, yüksək bal toplamış məzunların uğurlarından, öz işini sevən peşəkar müəllimlərin əməyindən maraqlı yazıların verilməsi  təhsilə,elmə verilmiş böyük dəyər kimi qiymətləndirmək olar.
Həmçinin qeyd olunub ki, dövrün tələblərinə kifayət qədər cavab verən “Astara” qəzeti öz səhifələrində maarifləndirici və vətənpərvərlik mövzuları ilə bağlı eyni zamanda  rayonun ictimai-siyasi və mədəni sahələrində baş vermiş müsbət dəyişilikləri,rayonda gedən abadlıq-quruculuq işlərini, vətəndaşların gündəlik qayğılarını əks etdirən materialları öz səhifələrində geniş şəkildə işıqlandırmışdır.
Daha sonra tədbir iştirakçıları “Astara” qəzetinin şöbə müdiri Gülnar Əsədlinin  “Cənnətməkan Astara” adlı ssenarisi əsasında hazırladığı videorolikə baxıblar.
Sonda rayon veteranlar təşkilatının sədri Rafiq Əliyev məktəbin direktoru Xədicə Əliyevaya vətənpərvərlik işində xidmətlərinə görə medalını təqdim edib.
Nicat Raufoğlu
Astarainfo.az