Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyənin İzmir vilayətindəki Əliağa bölgəsində inşa etdiyi STAR neftayırma zavodu (NEZ) iki ölkənin indiyədək reallaşdırdığı ən böyük birgə layihələrdən biridir.
İldə 10 milyon ton xam neft emal edəcək STAR-ın hasilat gücünü mütəxəssislər “möhtəşəm” təki dəyərləndirirlər. Belə ki, zavodda ildə 1,6 milyon ton neft, 5 milyon ton dizel yanacağı, 1,6 milyon ton aviasiya yanacağı, 300 min ton LPG, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilol, 480 min ton riformat və 160 min ton kükürd istehsal olunacaq.
Bu ilin avqust ayında “Azeri Light” markalı xam neftin 80 min tonluq ilk partiyası “Absheron” tankeri ilə STAR-a çatdırılmışdı.
Zavod işə düşüb və bundan sonra Türkiyə iqtisadiyyatı ildə 1,5 milyard dollara qənaət edə biləcək. Çünki STAR NEZ Türkiyənin neft məhsullarına olan tələbatının 25 faizi təmin edəcək.
 Zavodda “Azeri Light” ilə yanaşı, “Kerkuk” və “Urals” markalı neft də emal olunacaq.
STAR NEZ-də səhmlərin 60 faizi “SOCAR Turkey Energy” şirkətinə məxsus olan “Star” Rafineri Holding”ə, 40 faizi isə SOCAR-a məxsusdur.
Zavodun direktoru Mesut İlterin dediyinə görə, STAR NEZ Türkiyə üçün strateji əhəmiyyət daşıyır.
“Türkiyədə dizel yanacağına olan tələbat hər il 7-8 faiz artır. STAR isə Türkiyəni ildə 5 milyon ton dizellə təmin edəcək ki, bu da dizel yanacağının ölkəyə idxal həcmini 40 faiz aşağı salmağa imkan verəcək. Bundan başqa, Türkiyənin aviasiya yanacağına olan tələbatı tam təmin olunacaq”, – İlter deyib.
Zavodun fəaliyyətindən əldə ediləcək illik gəlir isə tam 500 milyon dollar təşkil edəcək. Beləliklə, STAR NEZ onun inşasına və işə salınmasına çəkilmiş xərcləri 9-10 il ərzində bütünlüklə ödəyəcək.
Zavodda istehsal edilmiş ilk məhsul isə bu ayın son həftəsində tankerlərə vurula bilər.
Və ən nəhayət, zavod tam gücü ilə işləyəndən sonra Türkiyə minimum 1,5 milyard dollar xalis gəlir əldə edəcək.
“STAR NEZ-i”Tecnicas Reunidas SA”, “Saipem SpA”, “GS Engineering & Construction Corp” və “Itochu” korporasiyalarından ibarət alyans 2013-cü ilin mayında imzalanmış EPC(Engineering, procurement and construction) müqaviləsi əsasında inşa edilib.
“SOCAR Turkiye Enerji”nin 2011-ci ilin oktyabrın 25-də İzmirdə təməlini atdığı zavod inşa edilərkən, daha doğrusu, 2014-cü ilin iyun ayında “SOCAR Turkiye Enerji” zavodun tikinti layihəsinin maliyyələşdirilməsi ilə bağlı 23 kommersiya bankı ilə anlaşma imzalayıb. Bu anlaşma sayəsində tikintiyə 3,29 milyard dollar vəsait cəlb olunmuşdu.
Türkiyə iqtisadiyyatında atılım
Türkiyədə qeyri-dövlət sektorunda konkret, bir layihəyə ünvanlanmış investisiyalar baxımından ən böyük layihə olan STAR NEZ, eyni zamanda, Yaxın Şərq və Şimali Afrikada son illərdə gerçəkləşdirilmiş ən böyük neft layihəsidir.
Eyni zamanda, STAR NEZ Türkiyədə strateji investisiyaların ölkə iqtisadiyyatına cəlb olunması proqramı çərçivəsində gerçəkləşdirilmiş ilk böyük layihədir.
STAR NEZ-in Türkiyə üçün önəmi çox böyükdür. Sadəcə, onu deyək ki, qardaş ölkənin neft məhsulları, dizel yanacağı, aviasiya yanacağı və ümumiyyətlə, yanacaq-sürtkü materialları təminatında idxaldan asılılığı əhəmiyyətli dərəcədə azalacaq.
Türkiyənin ən böyük birbaşa xarici investoru olan SOCAR-ın 6,3 milyard dollar sərmayə yatırımı ilə reallaşdırdığı SOCAR Türkiyə Egey Rafinerisi olan STAR neft emalı zavodunun açılış mərasimi keçirildi. Zavod ildə 10 milyon ton neft emal gücü ilə Türkiyə bazarında neft məhsullarına olan tələbatın böyük hissəsini təmin edəcəkdir. SOCAR-ın yeni zavodu gələcək illərdə Azərbaycan və Türkiyə iqtisadiyyatı üçün ciddi mənfəət gətirəcəkdir.
Əlahiddə sənaye bölgəsi elan edilmiş STAR NEZ-in ərazisində “Petkim” Konteyner Terminalı”, “Petkim” Külək Enerjisi Stansiyası və zavodun Əliağadakı baş ofisi də yerləşir.
STAR zavodu “Petkim”in və SOCAR-ın Aralıq dənizi bazarında mövqelərini möhkəmləndirəcək. “Petkim” üçün xammal olan nafta burada istehsal olunacaq və Türkiyənin idxaldan asılılığı xeyli dərəcədə azalacaqdır. STAR NEZ müxtəlif çeşidli xam neft növlərinin emalını həyata keçirə biləcəkdir. Bu da zavodun rəqabət üstünlüyünün göstəricisidir. STAR zavodunun fəaliyyətə başlamasından sonra Türkiyəyə investisiyların davam edəcəyini deyən R.Abdullayev əlamətdar hadisə münasibəti ilə Türkiyə və Azərbaycan rəhbərlərinə və digər dövlət və hökümət rəsmilərinə, layihənin baş podratçısı olan TSGİ alyansına, layihənin maliyyələşdirilməsində iştirak edən beynəlxalq maliyyə institutlarına, zavodun inşaatı prosesində əməyi keçən bütün çalışanlara təşəkkürünü bildirdi.
Türkiyənin neft məhsullarına ehtiyacının dörddə biri STAR NEZ tərəfindən qarşılanacaq.
Avropa, Orta Şərq və Afrika bölgəsində ən böyük neft istehlakçılarından olan Türkiyə neft-kimya sektorunda cari kəsirin azaldılmasına mühüm töhfə verəcək STAR zavodunda nafta, ksilen, dizel, təyyarə yanacağı, LPG kimi neft məhsulları istehsal olunacaq. Türkyənin ilk Strateji Yatırım Təşviq Sənədinə sahib olan emal zavodunun inşaat işlərinin pik mərhələsində layihədə 14 ölkədən 19500 işçi, o cümlədən 3000 mühəndis çalışıb. Zavod əməliyyata başladıqdan sonra burada 1100 professional işçi daimi əsaslarla çalışacaq. STAR layihəsində SOCAR 60% və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi 40% səhmə sahibdirlər.
Petlim Konteyner terminalı illik gücü 1.5 milyon TEU olmaqla Türkiyənin ən böyük 3 limanı sırasındadır və terminala 400 milyon ABŞ dolları civarında investisiya qoyulub.
SOCAR-ın bərpa olunan enerji sahəsində həyata keçirdiyi mühüm layihəsi “Petkim” Külək Elektrik Stansiyası 51 MWT gücünə malikdir və layihəyə 55 milyon avro sərmayə qoyulub. Stansiya Türkiyənin ümumi enerji sisteminə bağlı olaraq, SOCAR-ın Əliağadakı enerji tələbatının təmin olunmasına da mühüm töhfə verəcək.
Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak TANAP layihəsinin açılışından 4 ay sonra dünyaya örnək olacaq daha bir önəmli layihənin açılışına toplaşdıqlarını qeyd edərək, Türkiyə və Azərbaycan arasındakı dostluğu və birliyi dünya üçün nümunə adlandırıb: “Burada yaranan mənzərə dünyanın içində olduğu bədbinliyə, qeyri-müəyyənliyə ən gözəl həll formasını təqdim edir. Dünya Türkiyə ilə Azərbaycan arasındakı dostluğu, birliyi örnək götürməlidir. Qarşılıqlı uzaqgörənliklə ortaq hədəflərə doğru həmrəyliklə hərəkət etdikdə regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu mənzərə sayəsində çox aydın görünür. Bu gün bu mənzərə dünyaya ölkələrin öz maraqlarını, iqtisadi sabitliklərini təmin etmələrinin yolunun himayəçilikdən və onu artırmaqdan, ticarət müharibələri aparmaqdan yox, həmrəylikdən, rəqabətlilik mühitindən, güclü əməkdaşlıqdan keçdiyini çox aydın şəkildə ortaya qoyur”.
Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım iki ölkənin ağıl, iradə və güc birliyi ilə reallaşan layihənin icrası münasibətilə təbriklərini çatdırdı, Türkiyə-Azərbaycan işbirliyinin əbədi olacağını vurğulayıb: “Türkiyə-Azərbaycan münasibətlərini əbədiyyətə daşıyacaq bu və bu qəbildən ortaq layihələrimizlə qürur duyuruq. Bakı-Tbilisi-Qars, Bakı-Tbilisi-Ceyhan, TANAP, “Star” neft emalı zavodu və buna bənzər böyük olduğu qədər də strateji əhəmiyyət daşıyan bu layihələr təkcə Azərbaycan-Türkiyə qardaşlığını inkişaf etdirmir, eyni zamanda, bütün Qafqazın, Orta Asiyanın və hətta Avropanın enerji təhlükəsizliyinə də böyük töhfə verir. Ölkələrimizin iqtisadiyyatına böyük fayda verəcək neft emalı zavodunun İzmirimizə, Türkiyəmizə xeyirli-uğurlu olmasını diləyirəm”.
Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının ən önəmli tərəfini, həmçinin qarşılıqlı yatırımların, dünya səviyyəli enerji və nəqliyyat sahələrində əməkdaşlığın təşkil etdiyini deyən Türkiyə Böyük Millət Məclisinin sədri ulu öndər Heydər Əliyevin, Türkiyənin və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin imzaladığı sənədlərlə iki ölkə arasında münasibətlərin daha da möhkəmləndiyini vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirdi ki, Türkiyə Prezident Ərdoğanın liderliyi sayəsində dünya miqyasında böyük gücə çevrildi: “Türkiyə dünya miqyasında söz sahibidir. Bölgədə və dünyada Türkiyə ilə hesablaşırlar, Türkiyənin mövqeyi bir çox hallarda həlledici rol oynayır. Bu, bizi çox sevindirir. Çünki Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq, həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər bir-birinə bağlı olsunlar. Bu, bizim böyük sərvətimizdir. Məhz bu dostluq, qardaşlıq duyğuları əsasında biz nəhəng layihələri gerçəkləşdiririk”.
… STAR NEZ-in yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq.
STAR NEZ-in timsalında biz birliyimizin, həmrəyliyimizin, dostluğumuzun əlamətini görürük. Bundan sonra da Türkiyə və Azərbaycan yalnız uğurlar yolu ilə gedəcək.
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın fikrincə, Türkiyə və Azərbaycanın bölgəmizin təhlükəsizliyinin və sabitliyinin əsas aktorları olduğu artıq hamı tərəfindən qəbul edilməyə başlanıb. Bu iki ölkənin qoşulmadığı, razı olmadığı və dəstək vermədiyi heç bir layihə hədəfinə çata bilməz.
“Bununla yanaşı, Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz. Ölkəmizin və Azərbaycanın bu münaqişənin həlli istiqamətində göstərdiyi təşəbbüslərə beynəlxalq ictimaiyyət daha səssiz qala bilməz. BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq”, – Ərdoğan söyləyib.
Orxan Hun
Milli.Az