Bu il “Astaraçay” MMC-də 2124,5 ton düyü istehsal olunub
Ölkəmizdə kənd təsərrüfatının ənənəvi əkin sahələrinin, o cümlədən çəltikçiliyin inkişafının təmin edilməsi dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” bu sahədə fermerlər və məhsul istehsalçıları üçün geniş imkanlar açıb.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli Sərəncamına əsasən, buğda və çəltik əkini sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına hər hektar üçün 90 manat yardımın verilməsi məhsul istehsalçıların bu sahəyə marağını daha da artırıb.
Çəltik bitkisi Astarada qədimdən becərilsə də, bu sahə uzun müddət rayonda tənəzzül dövrünü yaşayırdı. Son illər məhsul istehsalçılarına göstərilən dövlət dəstəyi və ölkəyə çəltik əkini üçün müasir texnikaların gətirilməsi bu sahənin yenidən dirçəlməsinə səbəb olub.
Astarada çəltik istehsalı ilə məşğul olan ən böyük müəssisə “Astaraçay” MMC-dir. 2010-cu ildə fəaliyyətə başlayan müəssisədə yaşıl çay yarpağı plantasiyalarının salınması, çay istehsalı və emalı ilə paralel olaraq sitrusçuluq və çəltikçilik də inkişaf etdirilir.
2014-cü ildə Lənkəran rayonunun Girdəni kəndində 20 hektar sahədə səpmə üsulu ilə çəltik əkininə başlayan müəssisənin kollektivi 2016-cı ildə bu sahəni 98 hektara çatdırıb.
Ötən il çəltik əkininin coğrafiyasını genişləndirən “Astaraçay” MMC Astarada da əkinə başlayıb. 2017-ci ildə Astara, Lənkəran və Biləsuvar rayonlarında çəltik əkini aparan müəssisə bu il sahəni 1000 hektara çatdırıb. Ötən il çəltik sahələrindən 1759,7 ton məhsul götürülüb, cari ildə isə bu rəqəm 2124,7 ton təşkil edib.
Müəssisənin çəltik sahələrində əsasən “Haşımi”, “Akula”, “Meko”, Okeanu” və “Qara düyü” növləri əkilir.
“Astaraçay” MMC-də çəltik əkini, becərilməsi və yığım zamanı ölkəmizdə ilk dəfə olaraq müasir texnikalardan istifadə edilir. Hazırda müəssisənin balansında 3 ədəd “Laverdo” markalı çəltikyığan kombayn, torpaq sahələrini hamarlayaraq əkinə hazır vəziyyətə gətirən 4 ədəd “Lazer” qurğuları, 4 ədəd “Neo-Holland”, 1 ədəd “Landino” və “Klass” traktorları, 1 ədəd “Neo-Holland” ekskavatoru, 4 ədəd beşağızlı kotanlar, 2 ədəd torpağıdoğrayan disklər, 2 ədəd çizel qurğusu və digər texnika və mexanizmlər var.
Yetişdirilmiş çəltik məhsulları Astara rayonunun Kakalos kəndində inşa edilmiş düyü emalı sexində çeşidlənərək 25, 5 və 1,8 kiloqram çəkilərdə satışa çıxarılır.
Astarada istehsal olunan düyü məhsulları ölkəmizdə və xarici ölkələrdə sərgilərdə nümayiş etdirilir. Azərbaycanın xarici ölkələrdə açdığı ticarət mərkəzlərində “Made in Azerbaijan” brendi ilə Astara düyüsü də satılır.
Ekoloji cəhətdən təmiz olan Astara düyüsünün üstünlükləri barədə məlumat verən “Astaraçay” MMC-nin kənd təsərrüfatı departamentinin rəisi, baş aqronom İsrafil İsrafilov deyib: “Lənkəran-Astara zonasında subtropik torpaq-iqlim şəraitində yetişdirilən düyü dadı və xüsusi ətrinə görə dünyada yetişdirilən düyülərdən fərqlənir. Bu zonada yetişdirilən düyü məhsulları tam təbiidir, onun əkinində, becərilməsində gübrələrdən və kimyəvi maddələrdən istifadə edilmir. Ölkəmizin cənub bölgəsinin torpaqları insan orqanizmi üçün xeyirli maddələrlə zəngindir, burada ağır metallar – civə, molibden, dəmir birləşmələri yox dərəcəsindədir. Bütün bunlara görədir ki, ekoloji cəhətdən təmiz olan Astara düyüsünə tələbat çoxdur”.
Müasir dövrdə texnologiyaların inkişaf etməsi nəticəsində dünyada süni surətdə hazırlanan düyülərin hazırlanaraq satışa çıxarılmasının insan orqanizmi üçün zərərli olduğunu bildirən baş aqronom ölkəmizdə istehsal olunan düyü məhsullarının karbohidratlarla zəngin olduğunu, bu düyü növlərindən bir çox xəstəliklərin müalicəsində istifadə edildiyini diqqətə çatdırıb.(AZƏRTAC)