Azərbaycanda atalıq məzuniyyətinə dair qanunvericilik müddəalarına yenidən baxılması, o cümlədən ödənişli atalıq məzuniyyəti imkanının nəzərdən keçirilməsi təklif edilir.
Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyatı cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.
Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.
Layihəyə əsasən, bu tədbirlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Nazirlər Kabineti və Milli Məclis tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.(ATV.az)