Noyabrın 13-də  Astara Heydər Əliyev Mərkəzində “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat tərzi” mövzusunda sərgi və tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Kübra Səmədova açmış, “Gəncliyimizi qoruyaq narkomaniyaya yox deyək” mövzusunda film nümayiş olunmuşdur.
 Astara Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımova mövzu ilə bağlı geniş məruzə etmişdir. Bildirmişdir ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bir sıra problemlər kimi narkotizm probleminə qarşı mübarizə tədbirləri görülməsinin vacibliyi ön plana çıxmışdır. Şərti olaraq “yeni” adlandırdığımız bu mərhələnin ən uğurlu cəhəti ondan ibarətdir ki, narkotizmə qarşı mübarizədə dövlət orqanları ilə yanaşı ictimai təşkilatların fəaliyyəti üçün də lazımi şərait yaradılmışdır.
Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizənin əsası, tarixdə ilk dəfə olaraq, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir.
Azərbaycan 2000-ci ildə Avropa Şurasının tamhüquqlu üzvləri sırasında öz layiqli yerini tutduqdan sonra Avropa və dünya birliyinə inteqrasiya zəminində bu sahədəki fəaliyyətini uğurla davam etdirmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2005 və 2007-ci illərdə verdiyi tarixi fərman və sərəncamlar da “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində atılmış uğurlu addımlar idi.
Tədbirdə rayon icra hakimiyyətinin Hüquq şöbəsinin məsləhətçisi Elnur Rəsulov, rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profiliktik işin təşkili qrupunun baş inspektoru polis baş leytenantı Amal Rzayev,  rayon Mərkəzi Xəstəxanasının narkoloqu Oktay Əmənnullayev çıxış etmişlər.
Sonda tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Astara Bilik Evinin “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az