Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin iştirak etdikləri “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilib. Dövlətimizin başçısı İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 14-də səhər tezdən Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə səfərə çıxan astaralı məktəbliləri yola salmaq üçün rayon icra hakimiyyətinin, təhsil şöbəsinin məsul işçiləri və valideynlər Astaradakı Heydər Əliyev Parkına toplaşmışdılar.
Yolasalma mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Qızbəs Məmmədova, valideynlər və şəhər sakinləri məktəblilərə yaxşı yol arzulayaraq, şagirdlərin ölkəmizi daha yaxından tanımaları üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Qrupun rəhbəri Rəşad Həsənov AZƏRTAC-a müsahibəsində deyib: “Dövlətimizin başçısının təşəbbüsü ilə keçirilən tur-aksiyanın iştirakçıları – Astara rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və onların müəllimləri Gəncə şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiyanın iştirakçıları Gəncə şəhərinin, Şəmkir və Göygöl rayonlarının tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Məktəblilər Gəncə şəhərinin tarixi məkanlarına – Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Çökək hamam, Xan bağı, Qədim Qala divarları, “İmamzadə” kompleksi, Comərd Qəssab türbəsi və Nizami Gəncəvi məqbərəsinə ekskursiya edəcək, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Göygöl rayonunda Alman kirxası, sonuncu alman Viktor Klaynın ev-muzeyi ilə tanış olacaq, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına səfər edəcəklər”.
“Ölkəmizi tanıyaq” tur-aksiyanın iştirakçıları – Artupa kənd tam orta məktəbinin X sinif şagirdi Murad Əlizadə və Astara şəhər 2 nömrəli tam orta məktəbin X sinif şagirdi Gülnar Əlizadə sevinclərini bölüşərək bildirdilər ki, Gəncə şəhəri, Şəmkir və Göygöl rayonları qədim tarixi, adət-ənənələri, mədəniyyət və incəsənəti ilə məşhurdur. Doğma Vətənin tarixi, onun mədəniyyət abidələri ilə əyani tanışlıq onların ürəyincədir.
Sonra tur-aksiya iştirakçılarını Gəncəyə aparan avtobus yola düşdü.
Lənkəran, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarının məktəbliləri də Gəncə-Göygöl-Şəmkir istiqamətində səfərə çıxıblar. Tur-aksiya iştirakçılarını şəhər və rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri yola salıblar.