“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Sumqayıt şəhərindən, Yasamal, Nəsimi, Nizami, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarından olan məktəblilər noyabrın 17-də Gəncə şəhərindən yaşadıqları şəhər və rayonlara yola düşüblər.
Şagirdlər Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçiləri tərəfindən yola salınıblar.
Qeyd edək ki, 1 şəhər və 8 rayondan olan 405 nəfər noyabrın 14-dən 17-dək Gəncə şəhərinin, eləcə də Göygöl və Şəmkir rayonlarının sosial-iqtisadi inkişafı istiqamətində görülən işlər, son illərdə inşa edilən sosial obyektlər, əyləncə və istirahət mərkəzləri, tarixi-mədəni abidələr, turizm obyektləri, muzeylərlə tanış olublar. Maarifləndirici xarakter daşıyan tur-aksiya zamanı məktəblilərə bölgənin tarixi, adət-ənənələri, coğrafiyası, turizm imkanları haqqında məlumat verilib. Şagirdlərin iştirakı ilə intellektual oyunlar, müxtəlif viktorinalar keçirilib, musiqili-əyləncəli gecə təşkil olunub.