Astara rayonun iri yaşayış məntəqələrindən olan Təngərüd kəndinin əhalisi 6925  nəfərdən çoxdur. 1869 təsərrüfatda sitrusçuluq, heyvandarlıq və arıçılıq inkişaf etdirilir.
Noyabrın 28-də Təngərüd  kəndində  rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olmuşdur.  Prezident Administrasiyasının məsul işçisi Dəyanət Abdullayevin, rayonun inzibati orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirdə RİHB-nın Təngərüd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Süleyman Ağacanov son vaxtlar ərazidə aparılan geniş abadlıq-quruculuq işləri barədə məlumat vermişdir.
 Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev görüş iştirakçılarını salamlayaraq, bildirmişdir ki, Təngərüd kəndində son illər aparılan abadlıq və quruculuq işlər diqqəti cəlb edir. Kənd sakinləri ilə ötən  görüşlərdə  qaldırılan problemlərin operativ həlli üçün vaxtında tədbir görülməsi daim diqqət mərkəzində olmuşdur. İcra başçısı kənd sakinlərinə   son illər burada görülən işləri xatırlatmışdır. Kənddə elektrik xətləri sip kabelə dəyişdirilərək yeni  transformatorlar quraşdırılmış, iki yeni məhəlləyə qaz xətləri çəkilmiş,  120 m dərinliyində subartezian quyusu qazılaraq 30 evin içməli problemi həll edilmiş, ən mühüm məsələ Ojəkəran-Tüləgüvan-Təngərüd yolu əsaslı təmir edilərək asfaltlaşdırılmış və əhalinin istifadəsinə verilmişdir.
     İcra başçısı hazırda Respublikada və Astara rayonunda böyük sosial layihələrin həyata keçirildiyini bildirərək bunların ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin yorulmaz fəaliyyətinin nətcəsi olduğunu diqqətə çatdırmışdır.
Ümumilikdə Respublikada və rayonumuzda aparılan tikinti-quruculuq, abadlıq işləri göz önündədir.   Bu yaxınlarda istifadəyə verilən Bakı-Astara avtomobil yolu məsafəni kifayət qədər qısaltmaqla, Bakı şəhərinə daha tez, rahat və təhlükəsiz gedişi təmin edir. Rayonumuzda bütün yaşayış məntəqələrinin yolları asfaltlaşdırılmış, ən əsası əlçatmaz hesab edilən ucqar dağ kəndləri olan Pəlikəş, Sım, Asxanakəran, Hamoşam, Toradi, Miki kəndlərinə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin Sərəncamları ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli asfalt yolllar çəkilmişdir. Yaşayış məntəqələrinin 85 %-i qazlaşdırılmış, digərlərinin qazlaşdırılmasına yaxın gələcəkdə başlanacaqdır. Xanbulançaydan Astara şəhərinə içməli su xətti çəkilmişdir.  Rayonda yeni istirahət məkanlarının yaradılması istiqamətində reallaşdırılan ən mühüm layihələrdən biri də Astara şəhərində dəniz sahilboyu park-bulvar kompleksinin ikinci hissəsidir.
 Park-bulvar kompleksində rayon sakinlərinin və qonaqların istirahətinin yüksək səviyyədə təşkili, onların asudə vaxtlarının yaddaqalan və mənalı keçməsi üçün geniş imkanlar yaradılmışdır. Bu görülən işlər əhalinin güzəranının  yaxşılaşdırılmasına, rahatlığının təmin edilməsinə xidmət edir.
  Kənd sakinlərindən Seyran Babayev, Möhsüm Məmmədov, Əbülhüsen Muradov, Ağamoğlu Rzayev, Rufulla Fərhadov, Asif Həbibov, Zamiq Yusifov və başqaları çıxış edərək Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə sosial-iqtisadi inkişaf sahəsində qazanılan yüksək nailiyyətlərdən razılıqlarını bildirmiş, rayon icra hakimiyyətinin başçısının yerlərdə əhali ilə sıx ünsiyyət saxlayıb səyyar qəbul və görüşlər keçirdiyinə, qaldırılan problemlərin həllinə həssaslıqla yanaşdığına görə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etmişlər.
Sakinlər mövcud problemlər barədə fikirlərini bildirmiş, onların həlli ilə əlaqədar təkliflərini vermişlər. Kəndin bəzi məhəllələrinin təbii qazla təmin edilməsi, ərazidən keçən suötürücü kanalların təmizlənib təmir edilməsi, subartezian quyuların qazılması, ayrı-ayrı məhəllə yollarının asfaltlaşdırılması barədə təkliflər verilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan bəzi məsələlərin həlli ilə əlaqədar idarə, müəssisə rəhbərlərinə tapşırıqlar vermiş, vaxt tələb edən problemlərin həllini diqqətdə saxlayacağını bildirmişdir.
Tədbirdə Prezident Administrasiyasının Ərazi Təşkilat şöbəsinin 5-ci sektorunun müdiri Dəyanət  Abdullayev çıxış etmişdir.