Şəhər 1 və 3 saylı tam orta məktəblərdə yol təhlükəsizliyi qaydaları ilə əlaqədar keçirilən görüşlər böyük maraqla qarşılanıb. Rayon Polis Şöbəsinin əməkdaşları qanunçuluğun təbliği, cinayət hallarının qarşısının alınması, ictimai asayişin qorunması, narkomaniyaya qarşı ciddi mübarizə aparılması və yol təhlükəsizliyini təmin edilməsi üçün yerlərdə ictimaiyyətin bütün təbəqələri ilə müntəzəm olaraq əlaqə saxlayır, geniş maarifləndirmə tədbirləri keçirilməsinə xüsusi önəm verirlər. Xüsusən məktəbli gənclərlə belə tədbirlər keçirilməsi öz müsbət nəticələrini göstərir.
Bu günlərdə Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi İlqar Rəhimzadənin, bölmənin əməkdaşı polis mayoru Sübhan İsgəndərovun, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Astara rayon təşkilatının sədri Rafiq Əliyevin, ziyalı ağsaqqalları cəmiyyətinin sədri Camal İbrahimovun və yerli kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə şəhər 1 saylı tam orta məktəbində yol hərəkəti qaydaları ilə əlaqədar keçirilən görüşü məktəbin direktoru Xədicə Əliyeva açaraq rayonun polis əməkdaşları ilə məktəblilərin sıx əlaqə saxlamasının ümumi işə böyük fayda verdiyini diqqətə çatdırıb.
Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi İlqar Rəhimzadə, çıxış edərək yol hərəkəti qaydaları haqqında biliklərin əyani şəkildə öyrədilməsi üçün əməli tədbirlərin görülməsinin vacibliyini qeyd edib. Son dövrdə respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da yol hərəkəti qaydalarının təbliği sahəsində görülən işlər müsbət nəticələrini verir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin 11 ayında yol hərəkəti qaydalarının kobud şəkildə pozulması halları xeyli azalıb. Piyadaların yol hərəkəti qaydalarını pozulması hallarına qarşı ciddi və sərt tədbirlər müəyyənləşdirilib. Əgər əvvəllər piyadalara yol hərəkəti qaydalarını pozduqlarına görə xəbərdarlıq edilirdisə, hazırda belə hərəkətlər cərimələrlə nəticələnir. Ona görə də piyadalar, xüsusən məktəblilər yol keçidlərindən ehtiyatla keçməli, valideynlər və müəllimlər bu məsələ ilə əlaqədar məktəbliləri məlumatlandırmalıdırlar.  Məktəbyaşlı uşaqların yol hərəkəti qaydalarını öyrənmələri, ilk növbədə onları əhatə edən mühitə düzgün münasibətin formalaşmasına xidmət edir. Uşaqlar küçə və yollarda sərbəst olur və təbiidir ki, onların hərəkətlərinə nəzarət etmək olmur. Odur ki, uşaqların yol hərəkəti qaydalarını bilmələri və əməl etmələri çox vacibdir. Məktəblərdə yol hərəkəti qaydalarının öyrədilməsi və məktəbdənkənar pedaqoji tədbirlərin müntəzəm keçirilməsi uşaqların küçədə intizamlı olmalarına və bədbəxt hadisələrin qarşısının alınmasına kömək edə bilər. Şagirdlərə yol hərəkəti qaydalarında olan əsas terminlər və anlayışlar izah olunmalıdır. Eyni zamanda hərəkəti nizamlayan texniki vasitələrin tətbiqi, yol nişanları, yol hərəkəti iştirakçılarının qarşılıqlı əlaqələri və intizamı, yol ayırıcılarının keçirilməsi qaydaları, düzülüş, ötüb keçmə, dayanma, gözləmə qaydalarının da şagirdlərə öyrədilməsi vacibdir.
Məktəblilərin yol hərəkəti qaydaları barədə verdikləri suallar Dövlət Yol Polisi əməkdaşları tərəfindən ətraflı cavablandırılıb.
Şəhər 3 saylı tam orta məktəbdə keçirilən görüşü məktəbin direktoru Adil Rzayev açaraq qeyd edib ki, rayon polis şöbəsinin əməkdaşları ilə məktəblilərin artıq ənənə halını almış görüşləri məktəbin pedaqoji və şagird kollektivləri tərəfindən razılıqla qarşılanır. Dövlət Yol Polisi bölməsinin rəisi İlqar Rəhimzadə yol hərəkəti qaydaları və rayonumuzda bu sahədə görülən işlər barədə ətraflı məlumat verib.
Şəhər 1 və 3 saylı tam orta məktəblərdə keçirilən görüşlərdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Astara rayon təşkilatının sədri Rafiq Əliyev, ziyalı ağsaqqalları cəmiyyətinin sədri Camal İbrahimov və başqaları çıxış ediblər.  Çıxış edənlər məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirməklə, yol hərəkəti qaydalarının məktəblilərə daha geniş şəkildə öyrədilməsi və əməl olunması üçün pedaqoji kollektivin və valideynlərin məsuliyyəti barədə fikirlərini bildiriblər.
Nicat Raufoğlu
Astarainfo.az