“Azərbaycan Respublikasında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 mart tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Astarada arı ailələri ilk dəfə qeydiyyata alınır.
Fermerlərə ödəniləcək subsidiyaların məbləğini müəyyənləşdirmək məqsədilə arı ailəsinin saxlandığı pətəyin üzərinə nömrə nişanları vurularaq onların qeydiyyatı aparılır.
Astaralı arıçılar Azərbaycan Prezidentinin Sərəncamına əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 il müddətinə 10 manat məbləğində subsidiyanın verilməsini razılıqla qarşılayıblar.
Astara Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov Prezidentin Sərəncamının icrası ilə bağlı rayonda görülən təşkilati işlərdən danışarkən deyib: “Subsidiyanın verilməsinin əsas məqsədi arıçılığın inkişafına dövlət dəstəyi göstərmək, arı ailələrinin genofondunu qorumaqdır. Arıçılarımız qış hazırlığını yekunlaşdırmaq üzrədir. Bu müddət ərzində arı ailələri nəzərdən keçirilib, mövsüm zamanı bol məhsul götürmək üçün müvafiq tədbirlər görülüb”.
Qeydiyyata alınan arı ailələri barədə sənədlərin subsidiyanın verilməsi üzrə komissiyaya təqdim edilməsindən sonra vəsaitin arıçıların hesabına köçürüləcəyini vurğulayan A.Nəzirov ölkəmizdə kənd təsərrüfatının ənənəvi təsərrüfat sahələrindən olan arıçılığın inkişafına göstərilən dövlət dəstəyinə görə astaralı arıçılar adından dövlətimizin başçısına minnətdarlığını bildirib.
Qeyd edək ki, hazırda Astara rayonunda 27 min arı ailəsi var. İndiyədək 16 min arı ailəsi identifikasiya kodu ilə qeydiyyata alınıb.(Azərtac-Bağır Əliyev)