Yaşlanmağın ilk əlamətlərindən biri zəifləmiş yaddaşdır. Bir vaxtlar dərsliklərdən əzbər söylədiyiniz şeirləri artıq bu gün xatırlaya bilmirsiniz. Aparılan tədqiqatlara əsasən  insan yaddaşına təsir edən gündəlik amillər haqqında məlumatı diqqətinizə çatdıracağıq. Ən əsası isə yaddaş itiliyini hələ uzun illər qorumağa nail olmaq üçün nələrdən uzaq durmağımızı bilməyimiz vacibdir.
Başlıca amillərdən biri zərərli yağların istifadəsidir. Doymuş və doymamış yağlar orqanizmdə “pis” xolesterinin toplanmasına gətirib çıxarır və bu “pis” xolesterin beyində qanın dövr etməsinə mane olur. Bu yağlarla bərabər qida rasionunuza yarıdoymuş yağlar (qoz, balıq) və monodoymuş yağlar (avakado, zeytun, günəbaxan və ya küncüt yağı) əlavə etməyiniz məsləhətdir.
Hesab olunur ki, intellektual əməklə məşğul olan işçilərə şəkər xeyirlidir. Bu geniş vüsət almış bir mifdir.  Qlükoza beyin üçün əvəzolunmaz qidadır, lakin gündəlik qəbul olunan şəkərin miqdarı 35-50 qramdan artıq olmamalıdır. Həddindən artıq şəkər istifadəsi beynin qavrama funksiyasının səviyyəsini aşağı salır. Şəkəri təbii məhsullardan  əldə etmək mümkündür. Məsələn, meyvə və tərəvəzlərdən.
Qəbul etdiyiniz qidanın miqdarı vacibdir, lakin özünüzü qidadan məhrum etmək yolverilməzdir. Təcrübə yolu ilə müəyyən olunub ki, aşağı səviyyəli karbohidrat və ya karbohidratsız pəhriz saxlayan qadınlarda ətraf mühitdə baş verənlərə qarşı reaksiya qabiliyyəti sürəti azalıb və yaddaşda zəifləmə baş verib.  O kəslər ki, kalori qəbulunda özlərinə hüdudlar qoyur,  lakin karbohidrat, yağ və zülal istifadəsində normanı qoruyub saxlamağı bacarır, onlarda bu kimi dəyişikliklər müşahidə olunmur. Bundan başqa yaddaşında zəiflik olanların çoxu səhər yeməyindən imtina edən insanlarda aşkar edilir.
2012-ci ildə alimlər belə bir nəticəyə  gəliblər ki, nikotin adlandırdığımız maddə təhsil qavrayışına, diqqətin güclənməsinə müsbət təsir göstərir. Lakin tütün məmulatlarının beynə göstərdiyi mənfi təsir müsbət təsirdən çoxdur. 43 yaşından sonra insanların şifahi şəkildə informasiyanı yadda saxlamaq qabiliyyəti anidən aşağı düşməyə başlayır. Bundan başqa, bu kimi zərərli vərdişlər “Altsheymer” sindromuna tutulmaq riskini iki dəfə çoxaldır.
Çoxlarımız yuxusuz qalmağın insana necə təsir etdiyini müşahidə etmişik. Lakin yuxunun yaddaşa və beyinə təsiri təkcə onun kəmiyyətindən deyil, keyfiyyətindən də asılıdır. Məsələn, həyati vacib hormon adlandırdığımız melatonin ( xoşbəxtlik hormonu) yalnız yuxu zamanı, tam qaranlıq otaq şəraitində və 23.00-dan 03:00 saat müddətində  ifraz olunur. Bu vaxtlar yuxu daha “məhsuldar” olur. Yuxusuzluq yaddaşa, təhsil qavrayışına və məhsuldarlığa mənfi təsir göstərir. Yastıq seçiminə də məsuliyyətli yanaşın: yuxu zamanı  sizin onurğa sütununuz düzgün şəkildə yerləşmirsə  bu o deməkdir ki, beyin yetərli qədər oksigen ilə  yaxşı təmin olunmur.
Həyəcan ilk növbədə fizioloji narahatlığa səbəb olur. Sonra isə bizlərdə özünəinamı azaldır. Bunların ikisi bir yerdə zehni fəaliyyəti zəiflədir. Buna görə də stress vəziyyətində insan özünü sakitləşdirməyi bacarmalıdır.
“Bir damcı dərman, bir fincan zəhər deməkdir”. Belə bir məsəli kofe aludəçilərinin nəzərinə çatdırmaq lazımdır. Qədərində qəbul olunan kofe (gün ərzində 6 fincan) diqqətə yaxşı təsir göstərir, lakin həddindən artıq istifadə ürək döyüntülərini və həyəcan hissini artırır. Gündəlik qəbul olunan kofe miqdarı 300-400 milliqram olmalıdır.
Avstraliya alimləri yüksək səslə musiqiyə qulaq asmaq ilə yaddaş narahatlığı arasında qanunauyğunluq aşkar ediblər. İş burasındadır ki, insan orqanizmi səs dalğalarını təhlükə kimi qəbul edir və nəticədə qanda adrenalin artır. Bununla yanaşı, beyinin yaddaşa cavab verən hissəsində aktivliyin səviyyəsi aşağı düşür. Buna görə də yüksək səslə musiqiyə qulaq asaraq dərs tapşırığı yerinə yetirmək yaxşı fikir deyil.Beynimiz gündəlik intellektual çağırışlara ehtiyac duyur. Əks halda yaşa dolduqca beynin işi pisləşməyə  doğru gedir. Əgər siz onu kitab oxumaqla məşq etdirmək yerinə televizor qarşısında və yaxud əlinizdə video yüklənmiş smartfon ilə oturursunuzsa, o zaman yeni neyron əlaqələrin yaranması baş tutmayacaq. Buna görə də daha çox kitab oxuyun.(“İki sahil”)