Gündən-günə gözəlləşən Astaramıza ziyarətə gələn əcnəbi qonaqlar, turistlər zəngin flora və faunası olan, nadir bitki örtüklü meşələri, zövq oxşayan sitrus bağları ilə hamını heyrətə gətirən bu əsrarəngiz guşəni gözəlliklər məskəni adlandırırlar. Sahil boyu uzanan Park-bulvar, asfaltlaşdırılmış kəndlərarası avtomobil yolları, bir sözlə, füsunkar təbiət bura gələnləri heyran edir.
Son illərə qədər rayonumuzun Sım, Pəlikəş, Asxanakəran, Motlayataq, Hamoşam, Toradi və digər ucqar dağ kəndlərinə nəqliyyatın hərəkətinin mümkünsüzlüyü gənc nəslə xəyal görünə bilərdi. Burada yaşayan əhali onlara lazım olan gündəlik tələbat mallarını, xüsusilə,  ərzağı yalnız piyada cığırlı yollarla aparırdılar. At və digər növ heyvanı olanlar isə yükləri böyük çətinliklə, min əzab-əziyyətlə daşıyırdılar.
Ötən əsrin yetmiş-səksəninci illərində zəncirli traktorların hərəkətin üçün yollar salınmışdı. Nəhəng sovetlər ittifaqı dövründə burada yaşayan insanların sosial, mədəni-məişət şəraiti uzun müddət diqqətdən kənarda qalması bu gün müqayisə üçün tutarlı misaldır.
Azərbaycanımızın müstəqil dövlət kimi formalaşması ilə ölkənin hər yerində, xüsusilə, ucqar dağ kəndlərində yaşayan insanlar üçün yeni həyat başlandı. Bir zamanlar sıldırım qayalardan keçən cığırlardan ibarət piyada yoldan bu gün ən müasir xarici markalı avtomobillər şütüyür. İndi ilin hər bir fəslində qonaqlar, turistlər ən ucqar dağ kəndlərinə rahat gedə bilirlər. Burada qədim yaşayış məskənləri, tarixi-etnoqrafik mədəni abidələri, ecazkar təbiətin gözəlliklərini seyr edə bilirlər.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər dəfə Astara rayonuna səfəri zamanı rayon ictimaiyyəti ilə səmimi görüşləri və söhbətlərində verdiyi tövsiyə və tapşırıqlarına uyğun olaraq həyata keçirilən sosial-iqtisadi layihələr, şəhər, qəsəbə və kəndlərin qazlaşdırılması, elektrik təsərrüfatının yenidən qurulması, yeni məktəb, xəstəxana binalarının tikintisi və əsaslı təmiri, əhalinin içməli su təminatı, Xəzər dənizi sahili boyu park-bulvar kompleksinin salınması, ümumilikdə rayonun ərazisini əhatə edən tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bütün bunlar əhalinin maddi rifah halının, həyat səviyyəsinin daha da yüksəlməsinə, onların sosial vəziyyətinin yaxşılaşmasına səbəb olmuşdur.                          Xalqımızın rifahı naminə doğma Azərbaycanımızın hər bir şəhəri, qəsəbəsi və kəndini gözəl məkana çevirmək üçün hər şeydən əvvəl, vicdanlı vətəndaş olmalı, hər kəs tapşırılan işə, vəzifəsinə məsuliyyətlə yanaşmalıdır. Cəmiyyətimizi işıqlı gələcəyə aparan yolda möhtərəm Prezidentimizin hər bir Azərbaycan vətəndaşına göstərdiyi qayğı və diqqətin müqabilində onun ətrafında sıx birləşməli, Vətənimizin müdafiəsi və qüdrətlənməsi yolunda canından keçməyə  hazır olmalıdır.
Əziz oxucular! Gözəlliklər məskəni adlandırdığımız bu məkan bizimdir. Elimizin, obamızın sərvətidir. Tariximizin, əsrlərin şahidi olan Talış sıra dağlarının döşündən çağlayan bumbuz bulaqlar, axan çaylar, Sım şəlaləsi, zəngin flora və fauna, əzəmətli qalalar, qədim mağaralar və digər maddi mədəniyyət abidələri yenilməzliyi ilə diqqəti cəlb edir.
Rəssam olsaydım yazda-baharda dağlardan aşan, qayalara çırpılan, dərələrdən axan çayları, günəş şüaları fonunda mirvari kimi gilələnən qayalardan süzülən şəlaləni, yaşıl libasa bürünmüş meşələri, müşk-ənbər qoxulu çəmənliyi, rəng-rəng güllü-çiçəkli laləzar dağ yamaclarını, zirvədən qanadlanıb mavi səmanın ənginliklərində qıy vurub yazın gəlişinə sevinən qartalları, yuva qurmağa tələsən göyərçinlərin, bildirçinlərin, bülbüllərin cəhcəhini, ov üçün pusquda duran bəbirin duruşunu, canavarın pəncəsindən qurtulmuş ceyran balasının anasına qovuşduğu anı, tülküdən hürküb gizlənən dovşanın həyat eşqini, ətirli çiçəklərə qonmuş bal arısının segah üstündə məftunedici zümzüməsini, yayda dan söküləndə doğan günəşin uca dağlara göz-qaş edib qızılı rəngə boyadığını, qüruba gedəndə vida rəngi alıb kirpiklərini bir-bir gizlətdiyini, payızda təbiətin yaşıl köynəyini dəyişib qızılı libasa bürüməsini, xəfif cənub küləyinin xəzan möcüzəsini, payız leysanından coşub daşan, qayalara çırpılıb şəlalələrdən axan dağ çaylarının gurultulu sularını sinəsi ilə yarıb  mənbəyə doğru şəlalələrə dırmaşan atılıb düşən nəsil artırmağa tələsən qızıl balıqların sıçrayışını, qışda  yuvasında qış yuxusuna uyuyan qonur ayının mışıl-mışıl yatışını, ağ örpəkli gəlin donunu geymiş təbiətimizi gördüyüm kimi rəsm edib sizə təqdim edərdim. Şair olsaydım bütün bunları, seyr etdiklərimi inci kimi misralara düzüb təbiətimizin dastanını yaradardım.
Az da olsa təbiətimizin əvəzedilməz gözəlliyi barədə təsəvvür yarada bildim. Təbiətimiz gözəl,  həyatımız, yaşayışımız, şəraitimiz rəvan, asan. Bəs nəyimiz çatmır?
Təsvir etdiyimiz ana təbiətin qoynunda yerləşən yollar boyu çayxanalar, yeməkxanalar, istirahət yerləri fəaliyyət göstərir, istər yerli əhali, istərsə də qonaqlar, əcnəbi turistlər bu yerlərdə istirahət edir, təbiətin gözəlliyindən zövq alırlar. Təəssüflər olsun ki, onlar istirahət etdikləri, zövq aldıqları yerləri gətirdikləri müxtəlif plastik və şüşə qablarla, kağız və digər məişət tullantıları ilə zibilləyirlər. Üstəlik burada kəsilən mal-qaranın, istifadə olunan yeməklərin qalıqları ətrafa atılaraq üfunətli mənzərə yaradır.
Kəndlərimizin ərazisindən keçən həyatımız, yaşayışımız, məişətimiz üçün birinci dərəcəli əhəmiyyəti olan irili-xırdalı çaylara diqqətlə baxın. Sım şəlaləsindən başlayan Sım, Pəlikəş, Vovada, Lomin, Çükəş, Sipiyəpard, Ovala, Şəmətük, Şağlazüzə, Siyaku, Təngərüd,  Vaqo, Pensər, Şiyəkəran, Şahağacı kəndlərindən keçən, Xəzər dənizinə qovuşan, eyni zamanda Toradi, Hamoşam, Asxanakəran və Motlayataq kəndlərinin ərazisindən Lənkəran şəhərinə qədər uzanan Lənkəran çayı, Bəndəsər, Züngüləş, Alaşa kəndlərinin tən ortasından keçən Astaraçay, Şuvi, Sərək, Lovayın kəndləri və Ərçivan qəsəbəsindən keçən kiçik çayların göz yaşı qədər dumduru axan sularında bir zamanlar (beş-on il bundan əvvəl) müxtəlif növ balıqların çoxaldığı məskən onların sahili boyu yamyaşıl bitki örtüyünün, rəngbərəng güllərin, çiçəklərin, ətirli bənövşələrin yerini müxtəlif tullantılar, polietilen salafanlar, plastik, sınıq içki şüşələri, uşaq bezləri, üfunət içində eşələnən gəmiricilər əvəz edir. Aydın həqiqətdir ki, ekoloji cəhətdən çirklənmiş bu çayların suyundan həm ev heyvanları, həm də vəhşi təbiətdə olan heyvanlar aləmi qidalanır. Şübhəsiz ki, bu infeksiya mənbəyi təbiətə və insanlara ciddi təhlükədir.
Təbiətimizi, gözəl məmləkətimizi eybəcər hala salan, həyatımız üçün son dərəcə təhlükəli olan ekoloji fəlakətin qarşısını necə almalı, kimlər məsuliyyət daşımalıdır? Əlbəttə birmənalı olaraq hər birimiz, hamımız.
Hamımız bir nəfər kimi məmləkətimizin gözəlliyini qorumağa borcluyuq. Qoy ölkəmizi ziyarət edən qonaqlar, turistlər, bir sözlə, hamı yurdumuzu gözəlliklər məskəni adlandırsınlar.
 Təbiət natəmizliyi, çirkinliyi götürməz. Bir gün tufan qopacaq, dənizlər coşar, çaylar daşar, sel-suları tökdüyünüz zibilləri süpürüb evinizə gətirəcək. Bu zibillərin içində boğulmaq təhlükəsi də qaçılmaz olacaq. Nə qədər ki, təbiət səbirlidir, mərhəmətlidir onun gözəlliyinə, müqəddəsliyinə, qoynunda bəslədiyi hər bir canlıya göstərdiyi qayğıya rəğmən ona ehtiramla yanaşılmalıdır. Təbiət ana tək qucağını bizə açmış, qarşımızda bərəkətli bir süfrə sərmişdir. Onun qədrini bilək. Bizə xoşbəxt həyat bəxş edən varlığı göz bəbəyimiz kimi qoruyub gəncliyimizə, gələcəyimizə əmanət edək. Unutmayın ki, insafsızcasına ayaqlayıb ona xəyanət etsək bu həyatımız bahasına başa gələcək.
Görkəmli akademik, təbiətin vurğunu Həsən Əliyev  “Həyəcan təbili” kitabında təbiətimizin təhlükədən qorunması, onun mühafizəsi, maarifləndirmə işlərinin təşkili yollarını aydın şəkildə  müfəssəl  göstərmişdir. Təbiətə sonsuz məhəbbət hissi aşılayan çox qiymətli məxəz olan “Həyəcan təbili”nin səsinə səs verək. Ana qucağımız olan təbiətimizi qoruyaq.
 Kamil Kamilov
Kitabxanaçı-biblioqraf
Astarainfo.az