Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Siyaku kəndində əhali ilə səyyar qəbul və görüş keçirmişdir. Görüşdə rayonun xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
İcra başçısı Qəzənfər Ağayev kənd sakinlərini salamlayaraq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ayrı-ayrı kəndlərində tez-tez sakinlərlə görüşdüyünü, əhali tərəfindən verilən təkliflərə baxıldığını, qaldırılan problemlərin həllinə köməklik göstərildiyini bildirmişdir. Qeyd etmişdir ki, nümayəndəliyin ərazisində kənd təsərrüfatının inkişaf sahəsində müəyyən işlər görülmüş, bir neçə kənd qazlaşdırılmış, elektrik xətt təsərrüfatında vaxtaşırı aparılan təmir işləri hazırda davam etdirilir. Bu görüşdə də əhalini narahat edən problemləri nəzərdən keçirərək, həlli yollarının araşdırılacağını diqqətə çatdırmış, sakinləri dinləmişdir.
Kənd sakinlərindən Hacıəli Caniyev, Əfqan Zaidov, Habil Zahirov, Xankişi Aslanov, Sultan Babayev, Namik İbrahimov, Zümrüd Sultanova və başqaları çıxış edərək icra başçısı Qəzənfər Ağayevə növbəti dəfə əhali ilə səmimi görüş keçirdiyinə görə razılıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində kənddə sosial məsələlər həllini tapdıqca insanların rifah halı gündən-günə yaxşılaşır. Nümayəndəliyin ərazisində yerləşən bütün ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi, kəndlərə rahat asfalt yolların çəkilməsi, hazlırda Rinə kəndinə təbii qaz xəttinin çəkilməsi burada yaşayan əhalinin böyük sevincinə səbəb olmuşdur. Bu rahatlığa görə bütün sakinlər adından cənab Prezidentə hədsiz minnətdarlığımızı bildiririk.
Tədbir iştirakçıları Pensərçayda sahilbərkitmə işlərinin aparılması, yeni inşa edilmiş evlərə təbii qazın verilməsi, Siyaku kənd tibb məntəqəsi və uşaq bağçasının təmiri, Marzəsəy kəndinə qaz xəttinin çəkilməsi barədə təkliflərini vermişlər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin həllindən ötrü aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən, rayonumuzda aparılan geniş abadlıq və quruculuq işləri, mühüm layihələr barədə məlumat vermiş, ölkəmizin bütün istiqamətlərdə uğurla inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunmaqla, bölgələrin hərtərəfli inkişafına istiqamətlənən yeni Dövlət Proqramı hazırlanır.
Son illər Siyaku kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlərdə də mühüm sosial layihələrin uğurlu icrası göz önündədir. Qeyd olunduğu kimi nümayəndəliyin bütün kəndlərində yeni məktəb binaları tikilmiş, əsas kəndarası avtomobil yolları, o cümlədən ucqar dağlıq ərazidə yerləşən Miki kəndinin yolları asfaltlaşdırılmış, əksər yaşayış məntəqələri qazlaşdırılmış, hazırda Rinə kəndinə təbii qaz xəttinin çəkilməsinə başlanmışdır. Bu işlər bundan sonra da davamlı şəkildə həyata keçiriləcəkdir.
Ələt-Astara avtomobil yolunun istifadəyə verilməsi Respublikaya və rayonumuza böyük faydalar verəcək. Rahat və təhlükəsiz yollar bölgəmizə turizm axınını gücləndirəcək. Bunun faydasını isə bütün sakinlər görəcək.
Yol infrastrukturunun yeniləşməsi, içməli su, qazlaşdırma, elektrik enerjisi ilə təminatla bağlı layihələr uğurla icra olunur. Son illər rayonumuzun ən ucqar dağ kəndləri də daxil olmaqla əsas yaşayış məntəqələrinin yollarının əsaslı şəkildə yenidən qurulması, əksər qəsəbə və kəndlərin qazlaşdırılması buna misaldır. Artıq əhalinin istifadəsinə verilən ucqar dağ kəndləri olan Pəlikəş, Sım, Miki və Toradi kəndləri  istiqamətində çəkilən asfalt yollar gediş-gəlişi asanlaşdırmış, dağla aran zonasını birləşdirmişdir.
Astara şəhərinə çəkilən Xanbulançay su xəttinin istifadəyə verilməsi ilə əhalinin içməli su problemi həllini tapmışdır. Gələcəkdə xətt üzərində yerləşən bütün yaşayış məntəqələri bu sudan istifadə edəcəklər. Bütün bunlara görə ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab  İlham Əliyevə minnətdar olmalı, bundan sonra görüləcək işlərə biz də əməli fəaliyyətimizlə cavab verməliyik.
Astarainfo.az