Nəcib peşənin daşıyıcısı
Orta məktəbdə mənə elmin qapılarını açmış, müəllimlərimi həmişə sevgi dolu ürəklə xatırlayıram. Dünyasını dəyişmiş bütün gözəl müəllimlərimə Allahdan rəhmət diləyir qalanlara hörmət və məhəbbətimi bildirirəm. Bu yazıda sevimli şagirdi kimi hörmətini qazandığım Gülarə müəllimənin qızı, rayonun ictimai-siyasi həyatında özünəməxsus mövqeyi olan Zümrüd Cəfərovadan danışmaq istərdim.
Tanıtma   Zümrüd Cəfərova Ərçivan qəsəbəsində 1968-ci ildə ziyalı ailəsində dünyaya göz açıb. Orta təhsildən sonra M.F.Axundov adına rus dili və ədəbiyyat institutunu bitirib. Müəllim kimi ilk dəfə fəaliyyətə 1990-cı ildə qəsəbədəki 1 saylı tam orta məktəbdə başlayıb. 28 il pedaqoji təcrübəsi olan müəllimə hazırda həmin  məktəbin tədris işləri üzrə direktor müavinidir.
O, həyatı dərk edəndə anasını müəllimə görüb. Sonra böyük bacısı instituta daxil olanda “mən də müəllimə olacağam” deyə düşünüb. (Hazırda üç bacısı da ali təhsilli müəllimədir). Taleh onu istəyinə qovuşdurmuş, peşəsini sevən müəllimə olmuşdur. Onun heç bir fəxri adı yoxdur. Amma çalışdığı kollektivdə, məktəblilər arasında, ümumiyyətlə cəmiyyətdə müsbət xarakterli ziyalı kimi özünə hörmət qazanıb.
Onun sıxıntılı anları çox olmuşdur. Hələ gənc ikən ağır itki ilə qarşılaşmış sevimli həyat yoldaşını, yarası qaysaqlanmamış atasını itirmiş on yaşına yenicə girmiş qızı ilə baş-başa qalmışdır. Daxilən məyuslaşsa da mədəni səviyyəsi və əxlaqı ilə ailəsində, qonşuda şərəfli müəllim  adını qoruyan bir ziyalı kimi tanınır.
Bu il Zümrüd müəllimə 50 yaşını qeyd edəndə Azərbaycan Dövlət Sənaye İnstitutunun kimya mühəndisi fakültəsini bitirmiş sevimli övladı Ruhanə magistr dərəcəsinə yüksəlmişdir. Sevincinə şərik olmaq amacı ilə müəllimə ilə görüşüb bir qədər söhbətləşdik.
-Zümrüd müəllimə 50 yaşınız mübarək olsun. Yubiley ilində sevilən müəllimə kimi nə demək istərdiniz?
-Əvvəla 20 il əvvəl əmim professor Seyfulla müəllimdən müsahibə götürərkən içimdə “Bir gün məndən də müsahibə alacaqlar” deyə düşünmüşdüm. Ürəyimdəki arzu gerçəkləşdiyinə görə sizə təşəkkürümü bildirirəm. Əgər yenidən peşə seçmək imkanım olsaydı əlbəttə ki, müəllimliyə üstünlük verərdim. Həyatdan aldığım ağır zərbələrdən daha çox peşəmə arxalanmış, qayğılarımı unutmuşam.
Hər il məzunlarımızın ali məktəbə daxil olduğunu eşidəndə necə də sevinirəm. Məktəbimizdə vaxtaşırı mədəni, kütləvi tədbirlər həyata keçirilir. Şagirdlərdə təhsilə, elmə olan marağını artırmaqla yanaşı onların vətənpərvər ruhda tərbiyələnməsinə çalışırıq. İki ildir məsuliyyətli  bir işi daşıyıram. Şəhərimizin Giləkəran hissəsində yaşamağıma baxmayaraq vaxtından əvvəl məktəbdə oluram. Əlbəttə bu dəyərli işi aparmaqda məktəbin direktoru və  kollektivinin mənə dəstəyi böyükdür.
Qızım Ruhanə kimi bütün şagirdlərimi intelektual səviyyəli, doğma yurda, ata-anaya sadiq övlad kimi və müvəffəqiyyətin zirvəsində görmək istərdim.
Zümrüd müəllimənin çalışdığı kollektivdə işini sevən, müəllim adını dəyərləndirənlər çoxdur. Məktəbin direktoru Azad Əzizov onlardan razılıq edərək, dedi: Məktəbimizdə bacarıqlı müəllimlərdən biri də Zümrüd müəllimədir. O vəzifəsinin öhdəsindən gəlmək üçün səylə çalışır. Bütün tapşırıqları vaxtından əvvəl yerinə yetirdiyinə görə o göstərilən etimadı doğrultmuşdur.
Zümrüd müəllimin simasında müəllim adını daşıyan hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibətilə təbrik edir, xoş arzularımı bildirirəm.
Gülnar Əsədli
Astarainfo.az