Azərbaycanda yol-nəqliyyat hadisələri ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq.Astarainfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.
Sənədə əsasən, yol-nəqliyyat hadisələrinin qeydiyyatı prosesi də təkmilləşdiriləcək.
Vahid çağrı mərkəzinin məlumat bazası yaradılacaq və mütəmadi yenilənəcək, habelə bu baza “Yol-nəqliyyat hadisələri” elektron məlumat bazasına inteqrasiya olunacaq.
Proqrama əsasən, yol-nəqliyyat hadisələrinə dair zəruri məlumatların sistemli toplanması məqsədilə müvafiq qurumların hər birinin məlumatları daxil etməli olduğu “Yol-nəqliyyat hadisələrinin vahid qeydiyyat vərəqəsi”nin forması və doldurulma qaydası hazırlanacaq və təsdiq ediləcək.
Proqramda qarşıya qoyulan vəzifələrdən biri də qəza təhlükəli sahələrin və yol-nəqliyyat hadisələrinin müntəzəm baş verdiyi yerlərin (qəza ocaqlarının) müəyyən edilməsi və qəza səbəblərinin aradan qaldırılmasıdır.
Qəza təhlükəli sahələr və qəza ocaqları müəyyən ediləcək, onların siyahısı mütəmadi yenilənəcək, həmin yerlərdə yol hərəkəti yenidən təşkil ediləcək və ya digər mümkün üsullarla qəza şəraitinin aradan qaldırılması üçün tədbirlər görüləcək.
Sənədə əsasən, yol-nəqliyyat hadisələri ilə bağlı xilasetmə tədbirlərini həyata keçirən aidiyyəti qurumlar arasında əməkdaşlıq və əlaqələndirmə gücləndiriləcək.