11-16 yanvar tarixlərində rayonun ümumtəhsil məktəblərində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunmuş “Qanlı 20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” mövzusunda tarix dərsi keçirilmiş, sərgi və film nümayiş olunmuşdur.
Tarix dərslərində şəhər 2 saylı, 5 saylı tam orta,  Suparibağ kənd tam orta, Ərçivan qəsəbə tam orta məktəbinin müəllim şagirdləri iştirak etmişlər.
Tarix dərslərində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Sonra  “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”, “İnsanlıq faciəsi 20 Yanvar” mövzularında filmlər nümayiş olunmuşdur.
Tarix dərslərində Astara rayon Heydər Əliyev Mərkəzinin  direktoru Kübra Səmədova, Astara rayon Heydər Əliyev Mərkəzinin  fondunun baş mühafizi Elza Kazımova, Mərkəzinin bələdçisi Cəmalə Məmmədova,  Mərkəzin kargüzarı Aygün Rufulayeva “Qanlı 20 Yanvar Müstəqilliyə gedən yolda xalqımızın şərəf və qəhrəmanlıq səlnaməsi” mövzusunda məruzə ilə çıxış etmişlər.
Bildirilmişdir ki, 20 Yanvar faciəsindən 29 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixinə Qanla yazılmış bir səhifədir, ancaq təkcə faciə deyil, eyni zamanda bu tarix Azərbaycan dövlətinin  istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. 1990-cı ilin 20 yanvar günü uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
Xalq o günlərdə böyük bir həqiqəti – meydanda həqiqi Liderin olmamasını da bütün mahiyyəti ilə dərk etdi. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Ulu Öndər Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də silahdaşı, o çətin günlərdə atasını  bir an belə tək qoymayan  cənab İlham Əliyevlə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Ulu Öndər
Heydər Əliyev təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorboçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.
Həmçinin şagirdlərə Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı gərgin fəaliyyəti, bu yolda qarşıya çıxan maneə və çətinliklərin dəf olunması, ölkədə siyasi sabitliyin və iqtisadi dirçəlişin yaranması, Azərbaycanın Beynəlxalq aləmdə nüfuzunun getdikcə artması, həyata keçirilən sosial-iqtisadi layihələr, qazanılan uğurlar haqqında daha ətraflı və dolğun məlimatlar çatdırılmışdır.
Tarix dərslərində 20 yanvar  faciəsi ilə bağlı şəhər 2 saylı tam orta məktəbinin müəllimi Tarif Əliyev,  məktəbinin IX  sinif şagirdləri Dürdanə Axundova, Aysun Əlizadə, Rufan Novruzov, Nərmin Məmmədli və İlkin İbadov, şəhər 5 saylı tam orta məktəbinin şagirdi Röya İmanverdiyeva, Səadət Rəhimova, Suparibağ kənd tam orta məktəbinin direktoru Nazənin Məmmədova, məktəbinin müəllimi Rahim Həsənov, Suparibağ kənd tam orta məktəbinin VIII sinif şagirdləri İlyas Babayev, Elida Məmmədova, X sinif şagirdi Səkinə Əsgərova, Aynurə Əliyeva çıxış etmiş və  “20 Yanvar”a həsr olunmuş şeirlər  söyləmişlər.
Sonda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin  “Rəssamlıq” dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Elza Kazımova
Astarainfo.az