Dövlət İmtahan Mərkəzi yeni “video-dərs” sosial layihəsinə start verib. Layihə çərçivəsində dərsliklərdəki bütün mövzular video şəklində hazırlanacaq.
5-ci sinifdən başlayaraq dərsliklərdə olan bütün mövzular səsli və görüntülü formada təqdim olunacaq.
“Video-dərs”lər Dövlət İmtahan Mərkəzi tərəfindən hazırda qüvvədə olan dərsliklər əsasında və qəbul imtahanı fənlərinə uyğun hazırlanır.
Dövlət İmtahan Mərkəzinin mətbuatla iş sektorunun müdiri Xanlar Xanlarzadənin sözlərinə görə, “video-dərs”lər öz üzərində işləmək istəyənlər üçün yardımçı mənbə olacaq. Həmçinin valideynlər də övladlarının təlim prosesinə nəzarət və onlara kömək etmək üçün bu dərslərdən istifadə edə bilərlər. Bundan əlavə, belə vəsaitlərin müvafiq fənlər üzrə hazırlanıb təqdim olunması əvvəlki illərin məzunlarının da qəbul imtahanlarına səmərəli hazırlaşmalarına imkan yaradacaq. Videomateriallar bir neçə dəqiqəlik olacaq. Burada əsas anlayışlar, mövzu ilə bağlı izahlar və dərsin əsas məzmunu əks olunacaq. Dərslərin vizual şəkildə təqdim edilməsində məqsəd məlumatın şagirdlər tərəfindən daha yaxşı qavranılmasına nail olmaqdır.
Hazırlanmış materiallardan istifadə ödənişsizdir. Materiallar mərhələ-mərhələ Dövlət İmtahan Mərkəzinin “Yotube” kanalına yerləşdiriləcək. Artıq ingilis dili fənni üzrə V, VI və VII sinfə aid materiallar əsasında “video-dərs”lər kanala yerləşdirilib. Fizika fənni üzrə materialların hazırlanması yekun mərhələdədir. Digər fənlər üzrə də materialların hazırlığı üzərində iş gedir. Video-dərslərin təkmilləşdirilməsi ilə bağlı hər hansı bir qeyd və təklifləri olanlar mərkəzin elektron poçt ünvanına məktub göndərə bilərlər.(Xezerxeber.az)

© xezerxeber.az